Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə mobillik müsabiqəsinin nəticələrini açıqladı
Apr 28 , 2015 | 05:24 / Elmi müsabiqələr
Oxunma ( 1629 )

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılması məqsədi ilə keçirilmiş “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən 2014-cü il 25 noyabr tarixində təsdiq edilmiş “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair” Fəaliyyət Planına uyğun olaraq keçirilib. 

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən verilən məlumata görə, on min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmək üçün icra müddəti bir ayadək olan layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur.

6 qalib layihə üzrə AMEA-nın Şərqşünaslıq, Tarix  və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində aşağıdakı mövzular üzrə araşdırmalar aparacaqlar:

“1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”

“1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”

“Qarabağ komendantı (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) general Usmiyevin Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”

“Erməni soyqırımı: sənədlər və faktlar”

“Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru”

“Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair" 

Layihə üzrə nəticələrin seminar şəklində təqdimatı və kitab şəklində nəşri planlaşdırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.