AMEA-nın Fiziologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Noy 16 , 2013 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 3463 )

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir 

Akademiyadan AzərTAc-a bildirmişlər ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Telman Ağayev Azərbaycan gənclərinin cəmiyyətin inkişafında böyük rola malik olduğunu söyləmişdir. Bildirmişdir ki, gənc alimlər beynəlxalq tədbirlərdə yüksək fəallıqla iştirak edirlər. 

Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən danışan institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev fiziologiya elmində müasir tələblərə cavab verən metodikalara əsaslanmış yeni istiqamətlərin müəyyənləşdirilməsində gənc kadrların potensialından istifadə etməyin vacibliyindən söz açmışdır. Bildirmişdir ki, hazırda institut əməkdaşlarının 60 faizini gənc kadrlar təşkil edir. 

Sonra səsvermə yolu ilə institutun Gənc Alim və Mütəxəssislər Şurasına sədr, sədr müavini katib və üzvləri seçilmişlər.

Tərkibi 15 nəfərdən ibarət Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zemfira Qədimova, sədr müavini Afaq Nurullayeva, katibi Xatirə Səfixanova seçilmişlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.