Noy 20 , 2013 | 12:00 / Mühüm hadisələr
20 noyabr 2013-cü il tarixində AMEA A.Bakıxanov adına Tarix İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilmişdir.
Tədbirdə institutun Elmi Şurasının üzvləri və gənc mütəxəssislər iştirak etmişlər.
İclasda giriş sözü ilə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il qərarına əsasən institutda Gənc alim və mütəxəssislər şurasının yaradılması ilə bağlı sərəncamı haqqında ətraflı məlumat vermmişdir. Y.Mahmudov qeyd etmişdir ki, gənc tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Professor, həmçinin institutda yaranmış yeni qurumun əsas vəzifələrindən və əhəmiyyətindən danışdı. Y.Mahmudov istedadlı mütəxəssislərin beynəlxalq əlaqələrin genişlənməsi, məqalələrinin xarici jurnallarda dərc olunması və tarix elminin xaricdə və Azərbaycanda inkişafı istiqamətində gördükləri işlərdən bəhs etmişdir.
İclasda iştirak edən institutun direktor müavini, tarix üzrə elmlər doktoru Cəbi Bəhrəmov hazırda institutda çalışan gənclərin sayının 40-a yaxın olduğunu qeyd etmişdir. C.Bəhrəmov elmi müəssisədə çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırmışdır.
Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.
İdarə heyətinin tərkibi 15 nəfərdən ibarət olmaqla şuranın sədri tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, katibi doktorant Nigar Abışova seçilmişlər.
Tədbirdə, həmçinin görüləcək işlər müzakirə olunmuş, fikir və tövsiyələr səsləndirilmişdir.