Noy 27 , 2013 | 11:00 / Mühüm hadisələr
Bu gün AMEA Folklor İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib.
Elmi şura üzvləri, gənc alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə institutun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov açdı. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsini nəzərdə tutan tədbirlər çərçivəsində AMEA Rəyasət Heyətinin Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərar qəbul etdiyini bildirən M.İmanov Şuranın məqsəd və vəzifələrindən danışdı. Alim gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı naminə keçirilən bu tədbirdə innovativ elmi fəaliyyəti ilə fərqlənən, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənclərə dövlət tərəfindən yüksək qayğı və diqqətinin göstərildiyini qeyd etdi.
Tədbirdə çıxış edən f.ü.f.d.Nail Qurbanov gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması barədə danışdı. O, istedadlı və yaradıcı kadrların elmi-tədqiqat müəssisələrinə cəlb edilməsi, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər haqda məlumat verdi.
İclasda, həmçinin f.ü.f.d. Ləman Süleymanova, f.ü.f.d. Vəfa İbrahimova, f.ü.f.d.Oruc Əliyev yeni təsis edilən qurumun işinə uğurlar arzuladılar.
Sonra Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər. Tərkibi 15 nəfərdən ibarət olan şuranın sədri f.ü.f.d., Nail Qurbanov, sədr müavini Fidan Qasımova, katibi isə f.ü.f.d. Səbinə İsayeva seçildilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.