Noy 20 , 2013 | 11:00 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, professor Misir Mərdanov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etmişdir. Rəhbərlik etdiyi elmi müəssisədə 60-a yaxın gənc kadrın fəaliyyət göstərdiyini söyləyən direktor institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini söyləmişdir.
İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.
Tərkibi 19 nəfərdən ibarət olan Famil Seyfullayev şuranın sədri, Rövşən Bəndəliyev və Lalə Əliyeva isə sədr müavinləri seçilmişlər.
Sonra professor Əkbər Əliyev, Musa İlyasov və başqaları yeni seçilmiş namizədləri təbrik etmiş, gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, tövsiyələrini bildirmişlər.