Cəmiyyətin gənc alimə münasibəti dəyişib
Fev 17 , 2015 | 12:13 / Müsahibələr, çıxışlar
Oxunma ( 3718 )

Əfsun Sucayev: “Gənc alimin nüfuzunun artırılması diqqət mərkəzindədir”

Müstəqil respublikamızın müstəqil elm siyasətinin yerinə yetirildiyi aparıcı mərkəz sayılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində görünməmiş canlanma nəzərə çarpır. Akademiya rəhbərliyinin, xüsusən gənclərin stimullaşdırılması ilə bağlı həyata keçirdiyi böyük işlər öz məntiqi nəticəsini verməkdədir. Bu isə Azərbaycan elminin sabaha olan inamını artırır. Bəs, görülən işləri gənc alimlərimiz necə qiymətləndirir? Bu və digər suallara cavab tapmaq üçün AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevlə əlaqə saxladıq.

-Bir gənc alim kimi son zamanlar Azərbaycanda elmin inkişafı istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti, elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə yönəlib. Məhz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması və bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, bu günlərdə isə 2015-2025-ci illər üzrə gənclərin inkişaf strategiyasının təsdiq olunması və s. bu kimi mühüm tədbirlərin həyata keçirilməsi müasir gəncliyə və gənc alimlərə diqqət və qayğının nümunəsidir. Getdikcə genişlənən bu imkanlar fonunda elmi gəncliyin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Təqdirəlayiq haldır ki, Akademiyanın hazırkı rəhbərliyi Azərbaycan elminin gələcək inkişafını elmi gəncliyin düzgün istiqamətləndirilməsi və dəstəklənməsində görür. Bu strategiya ilə əlaqədar, yeni rəhbərliyin ilk işlərindən biri də gənclərlə mütəmadi görüşlərin keçirilməsi və Akademiya tarixində yeni ənənələrin formalaşdırılması olmuşdur. Məhz bu görüşlərin məntiqi nəticəsi olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmaq üçün kompleks tədbirlərə start verilib. Tədqiqat müəssisələrində aparılan əsaslı yenidənqurma işləri, ilk növbədə gənc tədqiqatçılarımızın iş şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. 
Şübhəsiz, dövlət tərəfindən Akademiyada çalışan və öz elmi tədqiqatları ilə seçilən istedadlı, yaradıcı gənclərimizin stimullaşdırılması ilə əlaqədar onların fəaliyyəti mütəmadi olaraq qiymətləndirilir. Belə ki, 2014-cü ildə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 1 üzvü “Gənclər üçün Prezident Mükafati”na, 3 üzvü “İlin gənci” mükafatına, 22 üzvü isə AMEA-nın fəxri fərmanına layiq görülüb.
Akademiya tarixində ilk dəfə olaraq, Şuranın 21 gənci 28 may “Respublika günü”nə, 19 gənc isə “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan elmi müsabiqələrin qalibi olub, onların hər biri 1000-3000 manat pul mükafatına və diplomlara layiq görülüblər.
- Gənc Alim və Mütəxəssislər Şurası demişkən, Akademiyada bütün gənclərin fəaliyyətini koordinasiya edən bu qurum yaranandan sonra nəyi dəyişə bildi?
- Akademiya gəncliyi həm elmi, həm də ictimai fəaliyyəti ilə həmişə öz sözünü deyib. Ancaq onların fəaliyyətində bir növ pərakəndəlik hökm sürürdü. Gənc Alim və Mütəxəssislər Şurası məhz ilk növbədə bu pərakəndəliyi aradan qaldırmaqla, köhnə stereotipləri qırmaq yolu ilə cəmiyyətin gənc alimə, ümumilikdə gələn yeni nəslin elmə münasibətini köklü surətdə dəyişməyi bacardı.
Cəmiyyətdə elmi fəaliyyətin və gənc alimin nüfuzunun artırılması, eləcə də onların sosial vəziyyətinin yaxşılaşdırılmasının bu günün ən aktual məsələsi olduğunu nəzərə alaraq, Şura gənc tədqiqatçıların elmə cəlb edilməsi və bununla da cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi istiqamətində mühüm işlər həyata keçirir. Bir sıra ilklərə imza atmaqla isə, böyük tarixi və şanlı keçmişə malik Milli Akademiyamızın hər zaman Azərbaycan elmi üçün əvəzedilməz milli sərvət olduğunu sübut etməyə çalışır. Bu fəaliyyətin nəticəsidir ki, yuxarıda qeyd etdiyimiz kimi bu gün cəmiyyətin bütün təbəqələrinin elmə münasibəti müsbətə doğru köklü surətdə dəyişib. Təsəvvür edin, Gənc Alim və Mütəxəssislər Şurası yaranmasından qısa vaxt keçməyərək, çox böyük nailiyyətlərə imza ata bilib. Şuranın öz fəaliyyəti zamanı ənənəvilikdən kənara çıxaraq, müasir dövrümüzlə səsləşən və Azərbaycan elminin inkişafına töhfə verə bilən qeyri-ənənəvi ideyaların, layihələrin reallaşmasına üstünlük verib. Təkcə regionlarda elmin təbliğinə xidmət edən “Bu günün şagirdi, sabahın alimi”, “Ən son nailiyyətlərimiz” kimi yerli layihələri və ya gənclərimizin dünya elminə inteqrasiyasını sürətləndirəcək “Əsrin müqaviləsinin 20 illiyinə həsr olunan “Gənc alim və mütəxəssislərin I Beynəlxalq Multidissiplinar Forumu” kimi beynəlxalq layihələrinin hər hansı birinin adını çəkmək yetərlidir ki, bu Gənc Alim və Mütəxəssislər Şurasının Akademiya həyatında nəyi və necə dəyişməsi ilə bağlı sualınıza cavab olsun. Lakin Şura bununla kifayətlənməyərək Akademiya rəhbərliyinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, gənclərin elmə stimullaşdırılması tədbirlərindən tutmuş, onların asudə vaxtlarının səmərəli təşkilinə qədər bu və digər səviyyədə layihələr həyata keçirməklə onların elmin və ən əsası Akademiyanın bu gününə və gələcəyinə olan inam və ehtimadın artırılmasında həlledici rol oynayıb.
-Gənc alim və mütəxəssislərin layihələrinin qrant yolu ilə dövlət tərəfindən maliyyələşdirilməsi onların elmi baxımdan stimullaşdırılmasında hansı rolu oynayır? 
- Akademiya daxilində gənclər üçün müəyyən stimullaşdırıcı elmi müsabiqə, adlı mükafatların və s. təşkili yeni ənənələrdəndir. Gənclərin ölkədə mövcud müvafiq fondlarla əməkdaşlığı onların tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə xidmət edir. Bu fondlardan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu və Gənclər Fondu xüsusi fərqlənirlər. Təkcə Elmin İnkişaf Fondu tərəfindən dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən elmi tədqiqat layihələri və digər elmi tədbirlər birbaşa Azərbaycan elminin dünya elminə inteqrasiyasına, eləcə də ölkə iqtisadiyyatında elmin rolunun artırılmasına xidmət edir. Yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, nəticə etibari ilə tədqiqat institutlarının maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb.
Diqqəti cəlb edən məqamlardan biri də Elmin İnkişafı Fondu tərəfindən məhz biz gənc alimlərin fəaliyyətinin dəstəklənməsinə böyük önəm verilməsidir. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda ildə ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, ildə 4 dəfə “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılması üçün həlledici amildir. Bu müsabiqələrin nəticəsində onlarla gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçmişdir, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak etmiş, elmi məqalələri xarici ölkələrin yüksək risenziyalı jurnallarında dərc olunub. Hazırda Fond tərəfindən mobillik üzrə 6-cı, Gənc Alim və Mütəxəssislərin isə 3-cü qrant müsabiqəsi elan edilmiş və ümumilikdə 100-dən çox gənc bu müsabiqələrə layihə təqdim edib. 
SOCAR Elm Fondu da gənclərimizin layihələrinin maliyyələşməsində, ideyalarının reallaşmasında mühüm rol oynayır. Heç şübhəsiz ki, yeni təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da elmin inkişafına öz töhfəsini verəcək.
- Bəs bu sahədə əlavə hansı addımların atılmasına ehtiyac duyulur?
İlk növbədə gənc alimlərin həllini gözləyən problemləri mövcuddur. Əsasən də mənzil təminatı gəncliyi narahat edən məsələdir. Şübhəsiz, bu gün dövlətin güzəştli ipoteka mexanizmi mövcuddur və əhalinin güzəştli təbəqəsinə gənc alimlər də daxil edilib. Amma mövcud şərtlərin ağırlığı və gəlirlərimizin yetərli olmaması dövlətin onların sosial ipotekadan yararlanması imkanlarını məhdudlaşdırıb. Bunun nəticəsidir ki, indiyə qədər bir gənc alim bu imkandan yararlana bilməyib. Bu gün cəmiyyətimizin bir neçə sosial qruplarının mənzil probleminin həlli üçün uğurlu təcrübə var. Belə təcrübənin gənc alimlərimizə də şamil edilməsi arzuolunandır. Ümid edirik ki, Akademiya rəhbərliyinin “Science sity” ideyası gənc alimlərdə böyük ümid yaratmaqla, bu problemin tez bir zamanda həllinə imkan verəcək.
Eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin və eləcə də gənc alim yaş həddinin artırılması təklif olunub. Amma təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb. Buna görə Elmin İnkişaf Fondu istisna olmaqla digər qurumlar və fondlar gənc alimlərlə əməkdaşlıq zamanı 29 yaşı son hədd kimi götürür. Bu yaşa qədər də Akademiyada çalışan və ən əsası müdafiə edən gənc alimlər isə çox az saydadır. Akademiya gəncliyinin arzusudur ki, bu yanaşma dəyişsin və heç olmasa AMEA-nazirlik, idarə-təşkilat və fondlar arasında ikitərəfli əməkdaşlıq zamanı gənc alimlərimiz üçün istisna olaraq minimum 35 yaş əsas sayılsın.
Biz gənc alimlər hesab edirik ki, bu və digər məsələlər öz həllini tapsa gənc alimlər elmin inkişafı ilə bağlı müəyyənləşdirdiyi hədəflərə daha tez çata bilər.
İlkin AĞAYEV

"Palitra"qəzeti

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.