Fotos
2015-ci il Gənclər üçün Prezident mükafatçıları
Fev 07 , 2015 | 08:29 /
Oxunma ( 4033 )

Sevinc, qürur və həyəcan hisslərini yaşadan bir mükafat" 

Zafiq Xəlilov,

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin
aparıcı mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru
 

1987-ci il sentyabrın 9-da Rusiya Federasiyasının Tolyatti şəhərində anadan olub. İlk təhsilini Xətai rayonundakı 95 nömrəli tam orta məktəbdə alıb. 2005-2010-cu illərdə Milli Aviasiya Akademiyasında (MAA) hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2014-cü ildə "Beynəlxalq hava hüququnda "hava azadlıqları"nın nəzəri və praktiki problemləri" mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib, ona hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.   2014-cü ildən etibarən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyir.

Təhsil aldığı müddətdə Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri olub. Onun  rəhbərlik etdiyi qurum 2010-cu il üçün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ən fəal Tələbə Gənclər Təşkilatı seçilib.  Onun ölkədaxili və beynəlxalq məcmuələrdə 20-dən artıq elmi əsəri dərc olunub. O, Kanada, Almaniya və Hollandiyada yerləşən "Hava və Kosmos hüququ institutları" ilə mütəmadi elmi müzakirələr aparır. 2014-cü ilin noyabr ayından dünyanın hava və kosmos hüququ sahəsində tanınmış hüquqşünas alimlərini özündə birləşdirən "Aerohelp - Hava və Kosmos hüququ İnstitutu"nun rəsmi internet saytında ilk azərbaycanlı alim kimi beynəlxalq alimlər sırasına daxil edilib və tərcümeyi-halı, elmi araşdırmaları müvafiq qaydada yerləşdirilib. Təhsil sahəsində  əldə etdiyi yüksək nailiyyətlərə görə ölkə  Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Gənclər üçün Prezident mükafatına layiq görülüb.

- Öncə Gənclər üçün Prezident mükafatına və göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.  Bununla yanaşı, elm və təhsil sahəsindəki fəaliyyətimi bu cür yüksək səviyyədə və obyektiv şəkildə qiymətləndirdikləri üçün Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev başda olmaqla rəhbərlik heyətinə və Təhsil Nazirliyinə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Müstəqil  və  yüksək inkişaf tempi ilə irəliləyən Azərbaycan Respublikasının gəncləri kimi bizlər daima ölkəmizin elmi potensialının daha da yüksəldilməsi üçün var gücümüzlə çalışacağıq.  Ulu  öndərin tövsiyəsinə əsasən ölkəmizin bu günü və gələcəyi haqqında düşünərək elmi nailiyyətlərimizin artırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.  Gənclər üçün Prezident mükafatı - sevinc, qürur və həyəcan hisslərini bir gəncə yaşadan və onu ucaldan bir mükafatdır.  Təbii ki, bizlər bundan sonra da bizə göstərilən yüksək etimadı doğruldaraq elm və təhsil sahəsində böyük səylə çalışmalıyıq.   


"Sevinc hissi ilə yanaşı, üzərimə böyük məsuliyyət düşdüyünü dərk etdim" 

Elnur Həsənov,
AMEA-nın Gəncə Bölməsinin doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri

Həsənov Elnur Lətif oğlu 1987-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.  Gəncə şəhəri  Məhəmməd Hadi adına 10 nömrəli tam  orta məktəbi  fərqlənmə attestatı ilə bitirib.  Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.  Prezident təqaüdünə layiq görülüb. GDU-nu  fərqlənmə diplomu ilə bitirib, daha sonra  təhsilini bu universitetin magistratura pilləsində davam etdirib. Təhsil aldığı illərdən universitetin YAP Gənclər Birliyinin sədri vəzifəsini icra edib,  həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə işə qəbul edilib. Ölkəmizlə yanaşı, ABŞ, Almaniya, Yaponiya, İsveç, Böyük Britaniya, Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, İtaliya və digər ölkələrin yüksək impakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan, rus dillərində 100-dən artıq məqalə, eləcə də 3 monoqrafiyası  çap olunub. Hazırda AMEA Gəncə Bölməsinin doktorantı olan Elnur Həsənov 2014-cü ilin yanvar ayında elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə İsveç Kral Akademiyasının Rəyasət Heyətinin qərarı ilə bu Akademiyanın müxbir üzvü seçilib.  Bu diplom Elnur Həsənova 2014-cü ilin 10 oktyabr tarixində Almaniyanın Frankfurt şəhərində təqdim edilib. 

 Hazırda AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədridir. O,  elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və çoxsaylı beynəlxalq elmi nəşrlərdə əsərlərinin çapına görə Çexiyanın "Dünya və elm" beynəlxalq nəşrinin redaksiya heyətinin, həmçinin İtaliyanın "İtaliya Elmi Xəbərləri" nəşrinin və Yaponiyanın "Elm"cəmiyyətinin redaksiya heyətlərinin üzvü seçilib. Eyni zamanda, gənc tədqiqatçı 2014-cü ilin may ayında İsveçrə Konfederasiyası və sentyabr ayında Rusiya Təbiət Tarixi Akademiyasının "Elm" mükafatına layiq görülüb. O, 2014-cü ilin iyul ayından etibarən Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini də icra edir.

Elm sahəsində  əldə etdiyi yüksək nailiyyətlərə, elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətinə görə ölkəmizin Prezidenti cənab İlham Əliyevin  sərəncamına əsasən Gənclər üçün Prezident mükafatına layiq görülüb.

- Prezident mükafatı  ilə təltif edildiyimi biləndə sevinc hissi ilə yanaşı, üzərimə böyük məsuliyyət düşdüyünü dərk etdim, çünki ilk dəfədir ki, dövlətimizin bu cür yüksək mükafatı paytaxt deyil, region təmsilçisinə təqdim edilib. Bu mükafatın sahibi kimi bundan sonra daha əzmlə çalışmalı olduğumu düşünürəm, çünki mənə və təmsil etdiyim Gəncə şəhərinə göstərilən etimadı doğrultmaq çox vacibdir. Ümumiyyətlə, elmi tədqiqatla məşğul olan insan təkəbbürdən uzaq olmalı, uğurları ilə öyünməməlidir, əksinə onun üzərində haqqı olan hər kəsə minnətdarlıq hissini unutmamalıdır. 2 fevral tarixində "Buta Palas"da keçirilmiş mükafatlandırılma mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadədən bu dəyərli mükafatı qəbul edərkən bir daha əmin oldum ki, uğursuzluğuna təəssüflənməmək, uğurlarınla qürrələnməmək həqiqi müvəffəqiyyətin formuludur.


"Sevincimin hədd-hüdudu yox idi" 

Xədicə Novruzova,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi

  Xədicə Sahib qızı Novruzova  1995-ci il iyunun 23-də Bakıda anadan olub. 2002-ci ildə 102 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2010-cu ilin sentyabrından, IX sinifdən orta təhsilini Yasamal rayonundakı  219  nömrəli  tam orta məktəbdə davam etdirib. 2013-cü ildə  Azərbaycan  Dövlət  Mədəniyyət  və İncəsənət  Universitetinin  aktyorluq  fakültəsinə  daxil olub. Hazırda  ADMİU-nun II kurs tələbəsidir.

  Səhnə  həyatı  ilə tanışlığı 15 il bundan əvvəl   baş verib.  2000-ci ildə hələ 5 yaşında ikən Milli Dram Teatrında Elçinin əsəri əsasında  rejissor Azərpaşa Nemətovun səhnələşdirdiyi "Mənim ərim dəlidir" tamaşasında  səhnəyə  çıxıb  və orada ilk rolunu (Qonşu qız)  ifa edib. Müxtəlif  illərdə  M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Gülçöhrə, H.Həsənovun "Brüsseldən məktublar" əsərində Dilənçi uşaq, B.Vahabzadənin "İkinci səs" dramında  İradə, T.Minnulinin  "Alın yazısı" əsərində İlisu, H.Mirələmovun "Xəcalət" əsərində Fəridə, E.Filipponun "Kabuslar" pyesində İbnə bacı, A.Şaiqin "Qaraca qız" əsərində Tutu, "Danışan gəlincik" əsərində  Gəlincik və Tıq-Tıq xanım, ərəb  xalq nağılı  motivləri  əsasında  hazırlanmış "Əlibaba və qırx quldur" tamaşalarında Mərcan kimi obrazlar yaradıb.  2002-2011-ci illərdə "Lider" telekanalında hazırlanmış  "Dan ulduzu"  yarışmasının aparıcısı  olub,  "Qonşular" teleserialında  Pərvanə  rolunda  çıxış edib,  AzTV kanalının "Aztelefilm" departamentinin  çəkdiyi  "Kinli, xəsis, səfeh"   bədii filmində Dəcəl qız rolunu oynayıb.   2012-ci ildə Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyinin  təsis etdiyi  "İlin ən gənc aktrisası" adına  layiq  görülüb. Mədəniyyət sahəsində əldə etdiyi yüksək nailiyyətlərə  görə  ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Gənclər üçün Prezident mükafatına layiq görülüb.

- Adımı Gənclər üçün Prezident mükafatçıları  arasında görəndə sevincimdən ağladım. Bu xəbəri mənə anam verdi. Mükafatın təqdimolunma mərasimi  çox möhtəşəm keçdi, çox gözəl anlar idi, o anları yaşamaq lazım idi.  Sevincimin hədd-hüdudu yox idi.  Bu mükafat mənə daha yaxşı çalışmağa və ölkəmizə layiqli gənc kimi yetişməyə böyük   stimul oldu. Yüksək etimada və mükafata layiq görüldüyüm üçün möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə  təşəkkür edirəm.  


 "Mənə göstərilmiş etimada layiq olmağa çalışacağam" 

Seymur Hüseynov,
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi

Seymur Hüseynov 1990-cı il avqustun 5-də Gəncə şəhərində anadan olub. 2007-ci ildə Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli orta məktəbi bitirib, elə həmin il iqtisadi kibernetika ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2011-ci ildə bakalavr dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəolunması (MBA) Proqramı üzrə magistr dərəcəsini qazanıb. 2014-cü ildə Türkiyə Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələrindən olan Boğaziçi Universitetinin  Qlobal Liderlərin İnkişafı Proqramının məzunu olub.

İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlayıb.  Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil almağa başladığı vaxtdan bu günədək fəal ictimai fəaliyyətlə məşğuldur. Universitetin "Debat Klubu"nun fəal üzvlərindən biri olub. 2012-ci ildə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri vəzifəsinə seçilib. Elə həmin ildə ölkənin vahid gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifəsinə təyin olunub.  2012-ci ildə Eurovision mahnı müsabiqəsinə dəstək məqsədi ilə yaradılmış "Step İn!" Gənclərin Təşəbbüs Qrupunun siması və koordinatoru olub.   Eyni zamanda, 2013-cü ildə keçirilən prezident seçkilərində ölkə başçısı cənab İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədi ilə həyata keçirilən "Mənim Prezidentim"  kampaniyasının təşəbbüskarlarından biri olub.   Seymur Hüseynov bu günə qədər 20-dən artıq ölkədə həyata keçirilən beynəlxalq səviyyəli rəsmi tədbirlərdə iştirak edib.  Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurasının,  Avropa Şurası Gənclərlə İş üzrə Proqram Komitəsinin, Avropa Gənclər Fondunun Müşahidə Şurasının, MDB ölkələri Parlamentlərarası Gənclər Assambleyasında  Azərbaycan nümayəndə heyətinin üzvüdür. BMT Qərargahında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsidir. Dünya İqtisadiyyat Forumunun gənclər icmasının üzvüdür. İctimai fəaliyyət  sahəsində  əldə etdiyi yüksək nailiyyətlərə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən gənclər üçün Prezident mükafatına layiq görülüb.

-  Gənclər üçün Prezident mükafatının verilməsi - 9 illik ictimai fəaliyyət yolumun nəticəsidir, Prezidentimizin gənclərin fəaliyyətinə göstərdiyi qayğı və diqqətin nümunəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevə məni bu yüksək mükafata layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Bu uğur yalnız mənim deyil, mənimlə çiyin-çiyinə çalışan komandamızın da uğurudur. Bu günə qədər məni öyrədən, inkişaf yolunu göstərən, dəstək olan və yanımda olan hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimada layiq olmağa çalışacağam, Azərbaycanın inkişafı üçün daima xidmət göstərməyə davam edəcəyəm.


"Dövlətimizi bütün dünyada var qüvvəmlə tanıtdıracağam" 

Ceyla  Seyidova,
Bakı Musiqi Akademiyasının III kurs tələbəsi

Ceyla Uran qızı Seyidova 1995-ci il avqustun 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 yaşından musiqi ilə məşğul olur. 2001-ci ildə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinə skripka ixtisası üzrə daxil olub. İlk çıxışı  8 yaşında, 2003-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının zalında əlil uşaqlara həsr olunmuş xeyriyyə konsertində olub. 2003-cü ildən  Uşaq Kamera Orkestrinin solistidir. 2005-ci ilin iyununda Tbilisi şəhərində keçirilən "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş beynəlxalq festivalın laureatı olub. 2006-cı ildə Bakı Uşaq Musiqi Məktəbinin seçilmiş şagirdlərinin istedadlar sertifikatına layiq görülüb.

2006-cı ildə ABŞ-ın Vaşinqton şəhərində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Mədəniyyət Fondunun xətti ilə təşkil etdiyi konsertdə, daha sonra  Moskva şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirdə çıxış edib.

14 iyun 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl  kitab"ına yazılıb.  Həmin ilin oktyabr ayında  Üns Yaradıcılıq Mərkəzində görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş konsertdə çıxış edib. 2008-ci ilin mart ayında İtaliyanın Fasano şəhərində I Beynəlxalq musiqi müsabiqəsındə laureat adına (mükafat və medal) layiq görülüb. 2008-ci ilin may ayında Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş solo ifası  olub.  Bundan başqa,  həmin ildə Fransanın Paris şəhərində UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Azərbaycanın Xoşməramlı Mələkləri" adlı konsert proqramında, daha sonra Strasburq, Brüssel, Stokholm şəhərlərində xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Gənc Simfonik Orkestrin tərkibində çıxış edib.

2010-cu ilin mayında Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı adına,  2011-ci ilin mart ayında Belçikanın Nəmur şəhərində keçirilən "Bravo" IV Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. 2013-cü ildə Heydər Əliyev Fondunun xətti ilə Almaniyanın Köln,  İtaliyanın  Roma və  Florensiya, Fransanın Strasburq, Reyms və Muluz şəhərlərində keçirilən konsert proqramlarında çıxış edib.  2014-cü il iyul ayında Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb.

Hazırda Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin skripka ixtisası üzrə III kurs tələbəsidir. Mədəniyyət sahəsində  əldə etdiyi yüksək nailiyyətlərə görə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən Gənclər üçün Prezident mükafatına  layiq görülüb.

- Azərbaycan Respublikasının Prezidenti  möhtərəm İlham Əliyevin bir qrup gəncə Prezident mükafatının verilməsi haqqında sərəncamı  biz gənclərə   diqqət və qayğının  bariz nümunəsidir.  Təqaüd  alan  altı gəncin arasında adımı görmək mənim üçün xoşbəxtlikdir.  Sevincimin hədd-hüdudu yoxdur.  Bu möhtəşəm mükafata görə çox sevdiyimiz Prezident İlham Əliyevə  və  biz  gəncləri daima öz xeyirxahlığı, diqqəti və qayğısı ilə əhatə edən Azərbaycanın birinci  xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Əmin olun ki, elm, mədəniyyət, təhsil  və  ictimai fəaliyyət sahələrində daim çalışacaq və dövlətimizi bütün dünyada var qüvvəmlə tanıdacağam.


"İnam və dəyərin bariz nümunəsi" 

Fərid Sadıxlı,
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin sədri

Fərid  İlqar oğlu Sadıxlı  1995-ci il iyunun 4-də Bakı şəhərində anadan olub.  2012-ci ildə  43 nömrəli  liseyi bitirib. Elə həmin  il də "ADA" Universitetinin beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.

F.Sadıxlı ictimai fəaliyyətə hələ orta  məktəb illərində iştirak etdiyi layihələrlə başlayıb.  2012-ci ildə  Şəki şəhərində həyata keçirilən "Tariximizi bilək və irsimizi qoruyaq" adlı layihədə iştirak edib.  Orta təhsilini uğurla başa vurduqdan sonra ictimai fəaliyyətini təhsil aldığı "ADA"  Universitetində də davam etdirərək bir sıra tədbir və layihələrdə könüllü kimi fəaliyyət göstərib.  2013-cü ilin oktyabrında  Heydər Əliyev Sarayında "ASAN xidmət"in təşkilatçılığı ilə həyata keçirilən "Sən Azərbaycanlısan" konsertində könüllü gənclərin qrup rəhbəri kimi fəal iştirak edib.   2013-cü ilin noyabında  "ASAN Könüllüləri"ni  bir  araya  toplamaq və  "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərmiş minlərlə gənci vahid bir təşkilatda birləşdirmək məqsədi ilə təşəbbüs göstərən könüllü qrupunun rəhbəri olub.  2013-cü ilin dekabrında isə  "ASAN Könüllüləri" Gənclər Təşkilatı  İctimai Birliyinin sədri seçilib. Birlik bir il ərzində 40-dan çox yerli və 1 beynəlxalq layihə həyata keçirib. Layihələrin icrasına 2000-dən çox gənc cəlb olunub. 

"ASAN akademiya", 13 ölkədən olan 70 gənci əhatə edən "Avropa Gənclər Parlamenti Azərbaycan" nümayəndəliyinin ilk beynəlxalq forumu - Gəncə 2014",  "1 Gənc - 1 Hekayə -  "Nə? Harada? Nə zaman?", "Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri", "Bilik yarışması", "Xəmsə" intellektual oyunları, müsabiqələr reallaşdırıb.   "Təhsil açarı" mükafatı ilə təltif olunub.

İctimai fəaliyyət sahəsində əldə etdiyi yüksək nailiyyətlərə  görə  Fərid Sadıxlı ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Gənclər üçün Prezident mükafatına layiq görülüb.

- Bu gün aldığım Gənclər üçün Prezident mükafatı bir Azərbaycan gəncinin ala biləcəyi ən qürurverici və şərəfli mükafatdır. Bu mükafat mənim simamda bütün ASAN ailəsinə məxsusdur və Prezidentin gənclərə göstərdiyi inam və dəyərin bariz nümunəsidir. Bu mükafatda hər bir ASAN Könüllüsünün öz əvəzsiz rolu var. İlk gündən bütün çətinliklərdə mənə dəstək göstərən, yol yoldaşı olan və bu sevinci mənimlə bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.