“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konfransı keçirilib
İyn 04 , 2015 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2719 )

İyunun 4-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı iləAzərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konfransı keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından olan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından söz açıb. Bildirib ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.

Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı Bəxtiyar Vahabzadənin yaradıcılığını öyrənmək zərurətindən danışan R.Hüseynov azərbaycançılıq fəlsəfəsinin mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilmiş dahi Bəxtiyar Vahabzadənin də daim yaşayacağını vurğulayıb.

Diqqətə çatdırılıb ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Tədbirdə B.Vahabzadənin sevilən əsərlərindən nümunələr səsləndirilib.

Sonra professor Tahirə Məmməd “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünalığının Atatürkə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru “1960-70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu “Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya” mövzusunda məruzələri dinlənilib.

Tədbir öz işini “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrin keçmişi və bugünü”, “Masir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemi” bölmələri üzrə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.