Fotos
Aşqarlar Kimyası İnstitutunda müsabiqə qalibləri mükafatlandırılıb
İyn 09 , 2015 | 01:00 / Elmi müsabiqələr
Oxunma ( 3285 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda müsabiqə qalibləri olan gənc alim və mütəxəssislərin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AKİ-nin elmi işlər üzrə direktor müavini, k.e.d., professor Mirzə Mövsümzadə bildirmişdir ki, İnstitutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara stimullaşdirmaq üşün ötən il gənclər üçün təsis olunan “Akademik Əli Quliyev adına mükafat”ın qalibini seçmək üçün bu ildə 5 aprel-10 may tarixləri arasında elan verilmişdir. Mükafatın əsasnaməsinə uyğun olaraq, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər layiq görülə bilər. Bunun üçün İnstitutun laboratoriya rəhbərlərinə elmi fəaliyyəti ilə seçilən əməkdaşlarının (3 nəfərdən çox olmamaqla) namizədliyini irəli sürmək tövsiyə olunmuşdur.

M.Mövsümzadə vurğulamışdır ki, namizədlərin seçimi zamanı bir neçə meyar müəyyənləşdirilmişdir. Belə ki, namizədlərin aldığı nəticələrin elmi və praktik əhəmiyyəti əsas götürülmüş, eyni zamanda nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi  meyarlar da nəzərə alınmışdır. Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif etmiş, Şura üzvləri təklif olunan namizədi müzakirə edib haqqında qərar vermişdir.

Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Azərbaycan elmi gəncliyinin böyük bir qüvvəsini özündə birləşdirən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının dövlət gənclər siyasətinin yerinə yetirilməsindən irəli gələn vəzifələrin icrası istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini və bu işdə Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının da yaxından iştirak etdiyini vurğuladı.

Gənclərin fəaliyyətinin stimullaşdırılmasını həlledici vasitə hesab edən Şura sədri, gənc alimlər arasında keçirilən müsabiqələrin artıq ənənə halını almasını və getdikcə öz əhatə dairəsini genişləndirməsini müsbət addım kimi dəyərləndirdi. O,  Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə institutda çalışan gənc alim, doktorant, disertant və magistrlər arasında keçirdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsində fərqlənən gənclərin elmi-tədqiqat işlərinin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi “Gənc tədqiqatçı” jurnalında nəşr olunmağa tövsiyə olunmasının da gözəl bir təşəbbüs olduğunu qeyd etdi.

AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev istər gənclər üçün “Akademik Əli Quliyev adına mükafat”, istərsə də “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsinin şəffaf aparıldığını söylədi. O qeyd etdi ki, müsabiqəyə həm doktorantlar, həm də təhsil müddətini başa vurmuş gənc elmi işçilər qatılıb. Lakin qiymətləndirmə zamanı doktorantlarla digər elmi işçilər arasından qaliblər ayrı-ayrılıqda seçilib.

Beləliklə hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə gənc elmi işçilər arasından Səbiyə Osmanova, doktorantlar arasından isə Xədicə Məmmədyarova əsas mükafata, Günel Məhərrəmova və Leyla Abdullayeva isə həvəsləndirmə mükafata layiq görülüblər.

İnstitutun gənc elmi işçisi Lalə Mahmudova isə 10 illik elmi fəaliyyətinə və praktik əhəmiyyət kəsb edən 2 patent müəllifi olduğu üçün “Akademik Əli Quliyev adına mükafat” ilə təltif olunub.

Tədbirin sonunda qaliblərə diplomlar təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.