
İyl 09 , 2015 | 03:00 /
Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasəti Platforması (BEXHP / IPBES) biomüxtəlifliyin qorunması və davamlı istifadəsi, uzunmüddətli insan rifahı və davamlı inkişafı məqsədi ilə biomüxtəliflik və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirmək üçün yaradılmış müstəqil hökumətlərarası təşkilatdır. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşən IPBES UNEP, UNESCO, FAO və UNDP himayəsi altında 21 aprel 2012-ci ildə Panama şəhərində keçirilmiş plenar iclasda 94 hökumət tərəfindən təsis olunub.
AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə IPBES işçi proqramının həyata keçirilməsini dəstəkləmək üçün Avropa və Mərkəzi Asiya üzrə Multidisiplinar Ekspert Qrupu tərəfindən aparıcı ekspert seçilib. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsidən verilən məlumata görə, V.Əlizadə Avropa və Mərkəzi Asiya regionları üçün biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi üzrə 3 il müddətində (2015-2017) IPBES-in aparıcı eksperti kimi fəaliyyət göstərəcək.
Bu fəaliyyətin məqsədi regional və subregional səviyyələrdə biomüxtəliflik, ekosistem funksiyaları və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirməkdən ibarətdir. Qiymətləndirilmələr, potensial kritik nöqtələr, əks-əlaqə və uzlaşmanın vurğulanması yolu daxil olmaqla insan və təbiət arasında qarşılıqlı münasibətə dair keçmiş, indiki və gələcək bilik vəziyyəti təhlil etməyə imkan verəcəkdir. IPBES bütün səviyyələrdə qərarların qəbul edilməsində elmin səmərəli istifadəsi üçün potensialını gücləndirməyə səy göstərir.
V. Əlizadə 31 avqust - 4 sentyabr 2015-ci ildə İsveçrənin Engelberg şəhərində keçiriləcək Avropa və Mərkəzi Asiya üzrə Ekspert Qrupunun 1-ci Regional Qiymətləndirilmə İclasında iştirakı üçün rəsmi dəvət alıb.