AMEA Gənc Alim və Mütəxəssislər Şurası qeyri-ənənəvi layihələrini davam etdirir
İyl 12 , 2015 | 01:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4258 )

Hazırda dövlətin apardığı gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər sosial tədbirlərin reallaşmasında mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir.

Azərbaycan elmi gəncliyinin böyük bir qüvvəsini özündə birləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurası dövlət gənclər siyasətinin yerinə yetirilməsindən irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər həyata keçirir. 11 mart 2015-ci il tarixində AMEA Rəyasət Heyəti tərəfindən “AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci il üzrə Fəaliyyət Planı” təsdiq edilmiş, Şura yarım il müddətində nəzərdə tutulan tədbirlərin icrası istiqamətində fəaliyyət göstərmişdir.

Şura ilk növbədə AMEA-nın elmi təşkilat və müəsissələrində aparılan tədqiqatların ictimailəşdirilməsi məqsədilə və bu il ilk dəfə olaraq Akademiyanın müvafiq institutlarında magistratura pilləsi üzrə qəbul üçün elan olunmuş müsabiqəyə hazırlıqlı gənclərin cəlb olunmasını təmin etmək üçün ali təhsil ocaqlarında elmi seminarlar təşkil etmişdir.

Belə seminarlardan biri aprel ayında Gənc Alim və Mütəxəssislər Şurası və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə BDU-nun geologiya fakütltəsinin tələbələri üçün təşkil olunub.

Seminarda AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, Prezident mükafatçısı, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS məlumatları əsasında tədqiqi” mövzusunda təqdimatla çıxış edib.

  Analoji seminar Bakı Dövlət Unversitetinin kimya fakültəsinin tələbələri üçün də təşkil edilib. Seminarda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov tərəfindən “Ağilli smart və ya intelligent polimerlər” mövzusu ilə bağlı təqdimat keçirilmişdir.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası elektronika sahəsində dünyanın aparıcı şirkətlərindən olan OPTEK şirkəti ilə birgə “Kütlə spektroskopiyası” üzrə ümumrespublika seminarı keçirmişdir. Seminarın keçirilməsində məqsəd “Kütlə spektroskopiyası” sahəsində avadanlıqlarla işləmək metodlarının istifadəçilər tərəfindən mənimsənilməsini təmin etmək və bu sahədə son nailiyyətləri seminar iştirakçıları ilə bölüşməkdən ibarət olmuşdur. Seminarda Kimya Elmləri Bölməsinə daxil olan institutların, o cümlədən Geologiya və Geofizika, Fizika, Radiasiya Problemləri institutlarının, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının spektroskopiya sahəsində çalışan çənc mütəxəssisləri iştirak etmişlər.

Magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcə də şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi məruzələrinin dinlənilməsi məqsədilə Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası İnstitutun rəhbərliyi tərəfindən təsdiqlənən iş planı üzrə gənc alim və mütəxəssislərin elmi seminarlarını təşkil etmiş və hesabat dövründə 7 məruzə dinlənilmişdir.

Analoji olaraq belə seminarlar Aşqarlar Kimyası, Radiasiya Problemləri, Kataliz və Qeyri-üzvi Kimya, Botanika, Fiziologiya, Zoologiya, Polimerler Kimyası və Fizika İnstitutlarında, eləcə də Şəki Regional Elm Mərkəzində keçirilmişdir.

Gənc Alim və Mütəxəssislər Şurasının hələ ötən ildən start verdiyi qeyri-ənənvi layihələrindən olan “Bu günün şagirdi – sabahın alimi” layihəsi çərçivəsində budəfəki tədbirimiz Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Əliheydər Kazımov adına tam orta məktəbdə keçirib. Orta məktəbin çoxsaylı şagirdlərinin iştirak etdiyi tədbirdə Kataliz və Qeyri-üzvi Kimya, eləcə də Fizika İnstitutlarının gəncləri tərəfindən məktəblilərə müxtəlif təqdimatlardan ibarət elmi-eksperimental şoular təqdim olunub.

Şura növbəti təqdimatını Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbdə baş tutmuşdur. Gənc alimlərin təqdimatında keçirilən bu layihə məktəblilər üçün yeni stimul yaratmaqla, onların gələcək fəaliyyətlərində elmə üstünlük vermələrini təmin edir. Tədbirin məqsədi Akademiyanın əsas prioritetinə çevrilmiş elm və təhsilin vəhdətinə nail olmaq mahiyyətini daşıyır.

Layihə çərçivəsində Neft-Kimya Prosesləri və Fizika institutlarının gənc alim və mütəxəssislərinin təqdimatında şagirdlərə bir neçə nömrədən ibarət maraqlı elmi-əyləndirici təcrübələr nümayiş olunub. Məktəblilər tərəfindən maraqla qarşılanan təqdimatda şagirdlərin coxsaylı düşündürücü sualları gənc mütəxəssislər tərəfindən cavablandırılıb.

 May ayında Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey kompleksində analoji təqdimat keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası isə Bakı şəhəri 16 nömrəli texniki-humanitar liseyində “Arxeologiya – maddi və mənəvi irsimiz” adlı layihəsini reallaşdırmışdır.

Akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında, eyni zamanda, gələcəyin alimi olan istedadlı şagirdlərdə elmə maraq formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA institut və təşkilatlarında “Açıq qapı” günlərinin təşkil edilməsidir. Bu nöqteyi-nəzərdən Şura olaraq bir sıra institutlarda bu tədbirlərə start vermişik. Belə ki, Aşqarlar Kimyası İnstitutunda Kaspi Təhsil Mərkəzinin məktəbliləri üçün “Açıq qapı” günü təşkil olunub. Bu layihənin məqsədi - məktəbliləri təşkilatda yerinə yetirilən elmi-ekperimantal təqdiqatlarla əyani tanış etmək, təqdimatları məktəblilərin qavradığı daha asan dildə izah etməklə onları məlumatlandırmaq, eləcə də bu yolla gələcəyin alimlərinin elmə stimullaşdırılmasını təmin etməkdir.

 Həmçinin, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda da Avropa liseyinin şagirdləri üçün “Açıq qapı” günü təşkil olunub. Tədbir çərçivəsində şagirdlər üçün viktorina da keçirilib. Viktorina çərçivəsində qaliblər tərifnamə və mükafatlarla təltif olunub. Bundan başqa, məktəblilər üçün əyləncəli elmi şoular da nümayiş etdirilib.

 Belə tədbirlər Radiyasiya Problemləri, Botanika, Dendrologiya instututlarında, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı, Milli Azərbaycan Tarixi muzeylərində və Şəki Regional Mərkəzində təşkil olunub.

Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı rayonu üzrə şagirdlər arasında keçirilən “Riyazi məntiq” olimpiadası məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır. Şəhərin 5 saylı orta məktəbində baş tutan olimpiadada şəhərdə yerləşən çoxsaylı orta məktəblərlə yanaşı, rayonun Təzəkənd, Cülyan kimi ucqar kənd ümumtəhsil müəssisələrinin məktəbləri də iştirak etmişdir. Təşkilatçılar tərəfindən olimpiadada ilk üç yeri tutmuş məktəbin şagirdlərinə müvafiq sertifikat, diplom və hədiyyələr verilmişdir.

 

 Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey kompleksində X siniflər arasında fizika fənnindən olimpiada təşkil edilmişdir. X sinif şagirdləri arasında keçirilən olimpiadanın qaliblərinə diplom və mükafatlar verilmişdir.

Neft-Kimya Prosesləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Goranboy rayonu ərazisində məskunlaşmış Xocalı rayonu məcburi köçkünlərinin məktəbliləri arasında kimya üzrə olimpiada keçirib. 1 saylı orta məktəbdə baş tutan bilik yarışmasının qalibləri hədiyyə və diplomlarla mükafatlandırılıb. Bundan başqa, təşkilatçılar orta məktəbə kimyəvi avadanlıq, reaktiv və dərsliklər hədiyyə etmişlər.

Şəki Regonal Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası, “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, Şəki Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki məktəbliləri arasında baş tutan “Zəka savaşı” adlı bilik yarışı da bu qəbildəndir.

Gənclərin fəaliyyətinin stimullaşdırılmasının həlledici vasitəsi olan müsabiqələr artıq ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirməkdədir. Məsələn, Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə institutda çalışan gənc alim, doktorant, dissertant və magistrlər arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi artıq 3-cü dəfədir keçirilir. Gənc tədqiqatçıların elmi işlərinin ekspertizasının nəticələrinə müvafiq olaraq, ənənəvi müsabiqədə fərqlənən fəal gənclər 1-3-cü dərəcəli diplom və mükafatlara layiq görülüblər. Bundan başqa, müsabiqədə fərqlənən gənclərin elmi-tədqiqat işlərinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi “Gənc tədqiqatçı” jurnalında nəşr olunması tövsiyə edilmişdir.

Eroziya və Suvarma İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası elmi-ictimai fəaliyyətilə fərqlənən gənclər arasında müsabiqə keçirmiş və  qalibləri sertifikat, diplom və fəxri fərmanlarla təltif etmişdir.

May ayında həyata keçirdiyimiz respublika əhəmiyyətli elmi tədbirlərdən birincisi Gənc Alim və Mütəxəssislər Şurası, Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə Şəhər Təşkilatının birgə  təşəbbüsü ilə Gəncə şəhərində “Heydər Əliyev və çağdaş elmi gənclik” mövzusunda elmi-praktiki konfransdır. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Mövzu ilə əlaqədar dinlənilən müxtəlif məruzələrdə Azərbaycan elminin işkişafında ümummilli lider Heydər Əliyevin rolu haqqında bir çox məqamlara toxunulmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş müasir transformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin inkişaf konsepsiyasında öz əksini tapır.

İctimai tədbirlərə gəldikdə isə Geologiya və Geofizika İnstitutunda 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə institut əməkdaşlarının övladları üçün təşkil olunan ənənəvi tədbir həmişə olduğu kimi bu dəfə də maraqla qarşılanmışdır. Tədbirdə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının peşəkar aktyorları iştirak etmiş, onun bədii hissəsində incəsənət ustaları uşaqlara əyləncəli şoular göstərmiş, ikinci hissəsində isə uşaqların yaradıcılığını əks etdirən rəsmlər və əl işləri nümayiş etdirilmişdir. Sonda uşaqlara hədiyyələr verilmişdir.

İqtisadiyyat İnstitutunun gənc alimləri Sabunçu rayonunda yerləşən “Ümid yeri” uşaq evinə baş çəkərək, balacaları sevindirmişlər.

28 May Respublika günü münasibəti ilə Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri isə ata himayəsindən məhrum olan uşaqları sevindirmək, eyni zamanda, uşaqlarda coğrafiya elminə maraq yaratmaq, onların bu sahədəki biliklərini artırmaq məqsədilə uşaqlarla bir araya gəliblər. Tədbirdə uşaqlara bir sıra elmi və əyləncəli şoular təqdim olmuş, sonda onlara dərs vəsaiti və hədiyyələr verilmişdir.

Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi növbəti praktiki konfrans 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunub. Konfransda bu faciə ilə bağlı müxtəlif məruzələr dinlənilib və sonda 25 il əvvəl törədilmiş qanlı hadisələrə aid videoçarx nümayiş etdirilib.

Fevralın 24-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan praktiki konfrans keçirib. Konfransda Xocalı soyqırımına qədərki hadisələrin siyasi xronikası, ona verilən hüquqi və siyasi qiymət, gənclərin bu hadisənin daha qlobal miqyasda ictimailəşdirilməsinə dair müxtəlif məruzələr dinlənilib.

Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi növbəti praktiki konfrans  Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi tədbir olmuşdur. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə soyqırımla bağlı elmi müzakirələr aparılmışdır.

Bundan başqa, 20 yanvar və Xocalı faicəsinə həsr olunmuş anım tədbirləri Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Memarlıq və İncəsənət və s. institutlarda təşkil olunub.

Hesabat dövründə AMEA təşkilatlarında çalışan və öz elmi tədqiqatları ilə seçilən gənclərimizin stimullaşdırılması ilə əlaqədar, onların fəaliyyəti  qiymətləndirilmişdir. Belə ki, 2015-ci ildə Gənc Alim və Mütəxəssislər Şurasının 1 üzvü “Gənclər üçün Prezident Mükafati”na, 2 üzvü “İlin gənci” mükafatına layiq görülmüşdür.

Aşqarlar Kimyası İnstitutunda ənənəvi olaraq gənclər arasında “Gənclər üçün akademik Əli Quliyev mükafatı” ilə bağlı müsabiqə təşkil olunmuş və bir gənc alim qalib adını qazanmışdır.

Nizami adına Ədəbiyyat İnstitutu “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə keçirmiş və təşkilatın 4 gənci müsabiqənin qalibi olmuşdur.

Gənc Alim və Mütəxəssislər Şurası yarandığı ilk gündən qarşıya qoyduğu əsas hədəflərdən biri də gənc alimlərin əldə etdikləri elmi nailiyyətlərin ictimailəşməsi olmuşdur. Sınaqdan keçirilmiş təcrübələrdən də məlumdur ki, ən operativ məlumatlar portallar vasitəsi ilə mümkün olur. Bunu nəzərə alan Şura Akademiya rəhbərliyi qarşısında Şuranın rəsmi veb saytının yaradılması ilə bağlı təklif irəli sürmüşdür. Rəhbərlik təklifi müsbət qarşılamış və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin rəhbərliyi altında AMEA İnformasiya Texnologiyaları İnstitutunda Şuranın veb saytı hazırlanmışdır. gencalimler.az domeni altında Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən sayt qısa müddət ərzində xeyli populyarlıq qazanmışdır.

Şura gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar “Gənc tədqiqatçı” adlı jurnalını da bu il təsis etmiş və artıq jurnalın ilk sayı işıq üzü görmüşdür.

Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı institutun gənc alimlərinin elmi-tədqiqat işlərinin nəticələrinin nəşrinə həsr olunmuşdur.

Hesabat dövründə Akademiyada fəaliyyət göstərən çoxsaylı gənc dünyanın qabaqcıl ölkələrində təşkil olunmuş beynəlxalq statuslu konfrans, seminar, simpozium, forum, təlim və treninqlərdə iştirak etmişdir. Həmin elmi tədbirlərdə məruzə etmiş gənclərin elmi-tədqiqat işlərinin nəticələri də nəşr olunmuşdur.

2015-ci ilin ilk yarımilində AMEA gənc alim və mütəxəssislərinin çoxsaylı kitab, monoqrafiya, məqalə və tezisləri çap olunmuşdur.

Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “AMEA Gənc Alim və Mütəxəssislərinin 2-ci İnstitutlararası futbol çempionatı” təşkil olunub. Maraqla qarşılanan idman müsabiqəsini AFFA-nın peşəkar hakimləri idarə etmişlər. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin bürünc medallarını Geologiya və Geofizika, gümüş medallarını Riyaziyyat və Mexanika, qızıl medallarını isə Arxeologiya və Etnoqrafiya institutlarının gəncləri qazanıblar. Qeyd olunan komandaların üzvlərinə müvafiq diplom, pul mükafatı və kubok verilmişdir.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci ilin ötən müddətində keçirdiyi tədbirlər, eyni zamanda ayrı-ayrı gənc alimlərimizin əldə etdikləri nailiyyətlər müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının mətbuat xidməti

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.