İyl 13 , 2015 | 05:00 / Mühüm hadisələr
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyi ilə əlaqədar akademiyada bir sıra elmi-ictimai tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumu da AMEA-nın 70 illiyinə həsr ediləcək. Bu forum AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə noyabrın 2-dən 4-dək Bakıda keçiriləcək.
Bunu şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, beynəlxalq tədbirdə Türkiyə, Gürcüstan, İspaniya, Portuqaliya və MDB ölkələrindən olan alimlər, həmçinin Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafina dəstək verən fondlar və sahibkarların iştirakı nəzərdə tutulur. Tədbirə 40 yaşınadək alim və mütəxəssislər qatıla bilər. Tezislərin qəbulu sentyabrın 30-da başa çatacaq.
Forum çərçivəsində hazırda xüsusi aktuallıq kəsb edən multidissiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələr aparılacaq. Gənclərin diskussiyalarda fəal iştirakını təmin etmək məqsədilə konfransın keçirilməsi də planlaşdırılır. Konfransın işi “Elmi tədqiqatlarda multidissiplinar yanaşma”, “ İnformasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətləri və perspektivləri”, “Nəzəriyyədən tətbiqə” və “Canlı həyat və ekoloji təhlükəsizlik” panelləri üzrə təşkil ediləcək.
Beynəlxalq tədbirdə “Akademik startaplar – nəyi nailiyyət hesab edək?”, “Elmin inkişafında mövcud fondların rolu” və “İnnovativ ideyalar və perspektivlər” interaktiv mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
F.Salmanov, həmçinin diqqətə çatdırıb ki, yubiley ərəfəsində “İlin ən yaxşı məqaləsi”, “İlin ən yaxşı gənc alimi” ənənəvi layihələrinin həyata keçirilməsi, regionlarda orta və ali məktəblər üçün müxtəlif fənlər üzrə olimpiadaların təşkili də GAMŞ-nin tədbirlər planına daxildir.