Gənclər Fondu 468 gəncin layihəsini maliyələşdirəcək
İyl 24 , 2015 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2973 )

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 14-cü iclası keçirilib.

Fonddan bildiriblər ki, toplantının gündəliyinə 7-ci qrant müsabiqəsinə yekun vurulması, ilin birinci yarısında gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının təmin olunması istiqamətində görülmüş işlərin müzakirəsi və s. məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 7-ci müsabiqə çərçivəsində Fonda təqdim olunmuş layihələr barədə məlumat verib. Bildirib ki, 2015-ci il mayın 1-dən iyunun 1-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatları “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları, 16-29 yaş həddində olan fiziki şəxslər isə “C” (fərdi layihələr) kateqoriyası üzrə Fonda 1126 layihə göndəriblər. Müsabiqə başa çatdıqdan sonra Fondun əməkdaşları layihə təkliflərinin qeydiyyatını aparıb, onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin Müşahidə Şurasının təsdiq etdiyi formalara uyğunluğunu yoxlayıb, resipiyentlərin əvvəlki müsabiqələr çərçivəsində icra etdikləri layihələrin hesabatlılıq vəziyyətini müəyyənləşdirib və fərdi layihələrin müəllifləri ilə söhbət aparıblar. Texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihə haqqında arayış hazırlanıb və Müşahidə Şurasına təqdim edilib. Ətraflı müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri “A” kateqoriyası üzrə 164 layihədən 111-nin, “B” kateqoriyası üzrə 16 layihədən 7-nin, “C” kateqoriyası üzrə 946 layihədən 350-nin dəstəklənməsini məqsədəuyğun sayıblar. 468 layihənin maliyyələşdirilməsi üçün 2 milyon 562 min 800 manat məbləğində vəsaitin ayrılması qərara alınıb (həmin layihələrin siyahısı 2015-ci il iyulun 24-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).

İclasda qeyd edilib ki, fəaliyyət göstərdiyi üç il yarım müddətində Fond ümumilikdə 2333 layihəyə dəstək verib və onların reallaşdırılması üçün 13,5 milyon manatdan artıq vəsait ayırıb. Fondun xətti ilə maliyyələşdirilmiş layihələr, ilk növbədə, intellektual yarışların, festival və olimpiadaların keçirilməsinə, incəsənətin müxtəlif sahələri üzrə müsabiqə və sərgilərin təşkilinə, gənc sahibkar və fermerlərin bacarıqlarının artırılmasına, xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının genişləndirilməsinə, ictimai davranış qaydalarının təbliğinə, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə və fiziki inkişafına, Azərbaycan reallıqlarının və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2015-ci ilin birinci yarısında “D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat verib. Bildirib ki, 6 ay ərzində 27 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılıb, bu məqsədlə 23,8 min manatdan artıq vəsait ayrılıbr.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.