15 yaşlı məktəbli yeni kompyuter proqramı yaradıb
Avg 20 , 2015 | 10:54 /
Oxunma ( 1233 )

Müasir dövrü virtual məkansız təsəvvür etmək mümkün deyil. Bu ucsuz-bucaqsız məkanda hər gün müxtəlif dəyişikliklərlə bərabər, texnoloji yeniliklərin də şahidi oluruq. Bu günlərdə 15 yaşlı Naxçıvan məktəblisinin hazırladığı kompyuter proqramı, sözün həqiqi mənasında, texnologiya dünyasına mühüm töhfə sayıla bilər.

“Mr.VOOL” adlı proqramın yaradıcısı İsmayıl Şirzadova ilk sualımız özü haqqında oldu. İsmayıl dedi:


– 2000-ci ildə Əliabad qəsəbəsində anadan olmuşam, 16 nömrəli tam orta məktəbdə təhsil almışam. Ailəmizin ən kiçik üzvüyəm. 15 yaşım var. Bu il Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunmuşam. Təhsilimi orada davam etdirəcəyəm.

– Kompyuter proqramlarının hazırlanmasına nə vaxtdan başlamısan və yeni layihənin hansı texnoloji üstünlükləri var ?

– Kompyuter texnologiyasına marağım kiçik yaşlarımdan başlayıb. Fərdi şəkildə evdə daim bu texnologiya ilə məşğul olmuşam. Getdikcə müxtəlif kompyuter proqramlarının hazırlanmasına daha çox maraq göstərmişəm və bu da, əsasən, onunla bağlı olub ki, istifadəçilər üçün internetdən istifadə daha asan olsun. Yeni layihə haqqında isə onu deyə bilərəm ki, hazırladığım “Mr.VOOL” proqramı internet istifadəçiləri üçün səsli axtarış imkanını təqdim edir. Məsələn, gün ərzində internetdə axtarış sistemləri vasitəsilə müxtəlif ünvanlar və sair axtarırıq. Yeni proqramda isə axtardığımız hər bir obyekti, sadəcə, dilimizdə bir dəfə səsləndirməklə tapa bilirik. Sadə bir izahat verim. Proqramı yüklədikdən sonra, deyək ki, “Chrome” brauzerini açmaq istəyirsiniz, siz, sadəcə, “Open Chrome” deyirsiniz, brauzer avtomatik olaraq açılır. Yaxud, Yahoo, Google axtarış sistemlərində hər hansı bir obyekti axtararkən axtardığınız obyektin ingiliscə adını söyləyirsiniz və həmin obyekt axtarış sistemində üzə çıxır. Hər hansı bir proqramdan çıxmaq istədiyinizdə “Exit” sözünü deyirsiniz. Proqram özü avtomatik olaraq bağlanır. Bundan əlavə, səslə kompyuteri söndürmək və yenidən açmaq da mümkündür. Ümumiyyətlə, “Mr.VOOL” vasitəsilə kompyuterdəki bütün proqramları, faylları, CD yerini açıb-bağlamaq olar.

– Bəs proqrama Azərbaycan dilində əmrlər verilsə necə?

– Hazırladığım proqramda ingiliscə əmrlərin tərtib olunmasına səbəb yaxın müddətdə onu dünya bazarına çıxarmaq istəyimlə bağlıdır. Onu da qeyd etmək istəyirəm ki, proqramı istifadəçilərə mane olmasın deyə, hər zaman kompyuterdə arxa planda çalışdırmaq mümkündür. Yəni, bu proqram vasitəsilə həm internetdə axtarışlar etmək, həm də kompyuter daxilindəki proqramları səs vasitəsilə idarə etmək mümkündür.

– Gələcək planların haqqında nə deyə bilərsən?

– Hazırda proqram üzərində təkmilləşdirmə işləri aparıram. Yaxın gələcəkdə proqrama kompyuterdəki səhifələrin aşağı-yuxarı hərəkətini təmin edən idarəetmə, mətnlərin proqram tərəfindən səsli oxunuşu və əksinə, səsləndirilən mətnlərin yazılması kimi funksiyaları əlavə etmək istəyirəm. Bundan əlavə, görmə qabiliyyəti məhdud insanlar üçün səsli idarəetmənin tətbiqi də gələcək planlar içərisindədir. Məqsədim internet istifadəçilərinin rahatlığını yüksək səviyyədə təmin etməkdən ibarətdir.

AZƏRTAC

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.