
Sen 12 , 2015 | 11:00 /
AMEA Mərkəzi Nəbatat Bağının Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasının elmi işçisi Fərid Seyfullayev 30 avqust-6 sentyabr 2015-ci il tarixlərində Almaniyanın Freiburg şəhərində keçirilən 6-cı Beynəlxalq Antrakologiya konqresində iştirak etmişdir. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, F.Seyfullayevin konqresdə iştirakı hal-hazırda tədqiqat apardığı Georg August Universitetinin Palinologiya Departamenti tərəfindən maliyyələşdirilmişdir. Konqres Freiburg Universitetinin Biologiya Fakultəsinin Geobotanika Departamenti və Mədəni irs üzrə Baden-Wuerttemberg dövlət ofisinin Oduncaq-halqa laboratoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Tədbirdə Almaniya, İspaniya, Fransa, İsveçrə, Avstriya, Danimarka, Belçika, Amerika, Braziliya, Argentina, Avstraliyadan olan gənc tədqiqatçılar və ixtisaslı mütəxəssislər iştirak etmişlər.
Tədbir müddətində gənc tədqiqatçı Azərbaycan üçün yeni elm istiqaməti olan antrakologiya sahəsində əldə edilmiş nəticələrlə tanış olmuş və aparıcı mütəxəssislərlə bu elm sahəsi üzrə əlaqələrin yaradılması imkanları müzakirə edilmişdir.
Qeyd edək ki, antrakologiya multidissiplinar elm sahəsi olub oduncaq anatomik metodlardan istifadə etməklə arxeoloji kömürün analizinə və onun növünün təyininə əsaslanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir