Fotos
AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc əməkdaşı Almaniyada tərs məsələlər üzrə Beynəlxalq konfranslarda və Yay məktəbində iştirak etmişdir
Okt 08 , 2015 | 02:36 / Mühim hadisələr
Oxunma ( 2724 )

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2015-ci il sentyabr ayının 17-dən 30-na kimi Almaniyada tərs məsələlərə həsr olunmuş iki beynəlxalq konfransda və yay məktəbində iştirak etmişdir. Belə ki, əvvəlcə o, 17-18 sentyabr tarixlərində Berlin şəhərindəki Veyerştras adına Tətbiqi Analiz və Stoxastika İnstitutunda keçirilən “Tərs məsələlərdə yeni nailiyyətlər” (Recent Developments in Inverse Problems) beynəlxalq konfransında (www.wias-berlin.de/workshops/IPworkshop/) iştirak etmişdir.
Rəhimov A.B. tədbirdə “Hiperbolik tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə tədbir iştirakçılarının marağına səbəb olmuş, mövzu ətrafında müxtəlif suallar verilmişdir.
Berlindəki tədbirdən sonra A.B. Rəhimov sentyabr ayının 22-dən 25-nə kimi Almaniyanın Münster şəhərində yerləşən Münster Universitetində təşkil olunmuş “Tərs Məsələlər üzrə Yay Məktəbi”ndə (www.math.uni-muenster.de/ipschool2015/) iştirak etmişdir.
Yay məktəbi tərs məsələlərin analitik və ədədi həll üsullarının öyrənilməsinə həsr olunmuşdur. Əsasən doktorantlar, post-doktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 65 iştirakçı qatılmışdır. Yay məktəbi müddətində tərs məsələlərə aid 4 mini-kurs və əlavə olaraq ekspertlərlə görüşlər təşkil olunmuşdur. Mini-kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər - prof. Torsten Hohaq (Gettingen Universiteti, Almaniya - University of Göttingen), prof. Quilyam Bal (Kolumbiya Universiteti, ABŞ - Columbia University), prof. Uilyam Rundel (Texas A&M Universiteti, ABŞ - Texas A&M University), dr. Mikel Möllerin (Münhen Texniki Universiteti, Almaniya - Technical University of Munich) silsilə mühazirələri dinlənilmişdir. Mühazirələr statistik tərs məsələlər üçün requlyarlaşdırma və tətbiqləri; obrazların işlənməsində variasiya üsulları; qarışıq tərs məsələlər, onların elastoqrafiya və foto-akustik tomoqrafiyaya tətbiqi; spektral tərs məsələlər; kəsr törəməli tərs məsələlər mövzularını əhatə etmişdir.
Yay məktəbinin ardınca A.B. Rəhimov sentyabr ayının 28-dən 30-na kimi Münster Universitetinin Riyaziyyat və Kompyuter Elmləri bölməsində keçirilmiş “Dinamik tərs məsələlər və obrazların işlənməsində variasiya üsulları” Birinci Münster Tətbiqi Riyaziyyat Beynəlxalq Simpoziumunda (www.math.uni-muenster.de/ipworkshop2015/) iştirak etmişdir. Rəhimov A.B. simpoziumda “Parabolik tənlik üçün tərs məsələlərin ədədi həlli haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə Almaniya, ABŞ, Avstriya və Yaponiya tədqiqatçıları tərəfindən maraqla qarşılanmış, müxtəlif suallar verilmişdir.
Müsabiqə nəticəsində seçilmiş məhdud sayda iştirakçının, o cümlədən A. Rəhimovun Münsterdəki yay məktəbində və beynəlxalq simpoziumda iştirakı Təşkilat Komitəsinin maliyyə dəstəyi hesabına baş tutmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.