Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası Akademik Zərifə Əliyeva adına Liseydə
Okt 09 , 2015 | 04:00 / Görüşlər
Oxunma ( 2021 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Akademik Zərifə Əliyeva adına liseyin müəllim və istedadlı şagirdləri ilə görüş keçirdi. Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyevə Akademiyanın gənc alimlərini salamlayaraq, bildirdi ki, liseyin əsas məqsədi milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir. O vurğuladı ki, təlim-tərbiyyə, yeni və səmərəli təhsil yanaşmaları müasir metod və texnologiyalar üzərində qurulur: “Liseyin əsas vəzifəsi cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş formalaşdırmaq, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək şagirdlər yetişdirməkdir. Lisey fundamental və tətbiqi biliklərin tədrisini əsas tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına şərait yaradır, şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir: “Bu məqsədlə Liseydə istedadlı şagirdlərimizdən ibarət “Kiçik Akademiya” yaradılıb. Bu Akademiyanın üzvləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən “Sabahın alimləri” elmi müsabiqədə fəal iştirak edərək, riyaziyyat, kimya, fizika və sair fənnlər üzrə qalib olublar. Bir çox istedadlı şagirdlərimiz hətta beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edirlər”.

Lisey direktoru AMEA ilə əməkdaşlıqda əsas məqsədin şagirdlərin elmi ideyaların inkişaf etdirərək, daha uğurlu nəticələr əldə etmək olduğunu söylədi.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ilk öncə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verdi: “Şura yaradılarkən Akademiyanın prezidenti, akademik Akif Əlizadənin əsas tövsiyələrindən biri o oldu ki, orta və ali məktəblərdə istedadı ilə fərqlənən şagird və tələbələri elmə cəlb etməkdir. Bu nöqteyi-nəzərdən akademik Zərifə Əliyeva adına lisey ilə bu sahədə əməkdaşlıq etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Şura sədri təklif etdi ki, ayrı-ayrı fənlər üzrə müsabiqələrə qatılan lisey şagirdləri qrup şəklində Akademiya institutlarına təşrif buyursunlar və onları maraqlandıran prioritet sahələr müəyyənləşdirilsin, həmin şagirdlərlə işləyəcək elmi rəhbərlər təyin olunsun: “Bu əsasda şagirdlərə Akademiya tərəfindən dəstək göstəriləcək ki, ö elmi ideyasını layihəyə çevirib, beynəlxalq müsabiqələrə qatılıb, uğur əldə etsinlər”.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri – kimya üzrə fəlsəfə doktorları Faiq Məmmədov, Əfsun Sucayev, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, aqrar elmlər üzrə fəlsfə doktoru İzzət Talıbov şagirdlərin müxtəlif suallarını cavablandırdılar.

Daha sonra gənc alimlər liseydə şagirdlər üçün yaradılan şəraitlə tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.