“Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum gənc alimlərin AMEA-nın 70 illiyinə böyük töhvəsi oldu
Noy 02 , 2015 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3924 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum öz işinə başladı. AMEA Rəyasət Heyətinin böyük akt zalında baş tutan tədbirin rəsmi açılışında Akademiyanın prezidenti, akademik Akif Əlizadəgiriş nitqi ilə çıxış etdi. O qeyd etdi ki, bu yaxınlarda AMEA-nın yaranmasının 70 illiyi qeyd olunacaq: “Hesab edirəm ki, Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi bu tədbir AMEA-nın 70 illiyinə ən böyük töhvədir”.

Forumun dünyanın müxtəlif ölkələrindən olan gənc alimlərin, ziyalıların birgə müzakirə aparmaları baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən AMEA prezidenti akademiyada ilk dəfə olaraq bu Forum çərçivəsində interaktiv müzakirələrin təşkil olunacağını da dəqqətə çatdırdı.  Qeyd etdi ki, müzakirələrin əsas məqsədi respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələri ilə mövcud problemləri təhlil etmək və həlli yollarına nail olmaqdır. Elmin aktual mövzularında hazırlanacaq müzakirələrə ölkəmizin tanınmış elm və ictimaiyyət nümayəndələri ekspert qismində cəlb olunublar.

Akademiyada 2015-ci ildə ilk dəfə olaraq magistraturaya qəbulun elan olunduğunu söyləyən akademik Akif Əlizadə hazırda AMEA-da 156 magistrın müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

AMEA rəhbəri bildirdi ki, forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidisiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan söz açdılar, Forumun işinə uğurlar azuladılar.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov öz çıxışında qeyd etdi ki, “Akademik Elm həftəliyi-2015” Multidissiplinar Forumun keçirilməsinin əsas məqsədi gənc alim və mütəxəssislərin intelektual səviyyəsinin yüksəldilməsinə, onların beynəlxalq əməkdaşlığına dəstək verməkdir: “Ona görə Forumun ilk iş günündə interaktiv müzakirə təşkil etməyi məqsədəuyğun hesab etmişik. Bu müzakirəyə də ilk növbədə Akademiya gəncləri üçün maraq doğuran priroritet mövzular seçilib”.

F.Salmanov dedi ki, Forumun ikinci iş günündə keçiriləcək beynəlxalq konfransda isə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssis qatılıb: “Noyabrın 3-4 tarixlərində baş tutacaq seksiya iclaslarında ümumilikdə 150 məruzə dinləniləcək”.

Sonra Forum panel müzakirələrlə öz işinə davam etdi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.