Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası beynəlxalq təcrübə mübadiləsini genişləndirmək üçün yeni imkanlar axtarır
Dek 11 , 2015 | 12:06 / Mühim hadisələr
Oxunma ( 1661 )

Dünən AMEA Gənc Alim və Mütəxəssislər Şurasında Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin ofis rəhbəri, xanım Stefaniya Dufaux ilə görüş keçirildi. Rəhbərlik etdiyi qurum haqqında qonağa ətraflı məlumat verən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirdi ki, Şura prioritet istiqamət olaraq beynəlxalq əməkdaşlığa böyük önəm verir və indiyə qədər bir çox xarici ölkələrin analoji elmi təşkilatları ilə əlaqələr qurub. Beynəlxalq əməkdaşlıqda əsas məqsəd də Akademiya gənclərinin beynəlxalq elmə inteqrasiyasına dəstək olmaq və onların çıxış imkanlarını artırmaqdır. O, bu nöqteyi-nəzərdən Alman Akademik Mübadilə Xidməti ilə də fəal əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı.
 Bu görüşdən məmnun olduğunu qeyd edən xanım Stefaniya Dufaux təmsil olunduğu qurumun alman ali məktəblərinin birgə və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qurumu olduğunu vurğuladı. Onun sözlərinə görə sözügedən qurumun əsas vəzifəsi xarici ölkələrlə akademik münasibətlərin əsasən tələbələrin və elmi işçilərin mübadilə yolu ilə dəstəklənməsidir.
DAAD-ın azərbaycanlılar üçün təqaüd proqramlarından söz salan xanım Stefaniya tələbələr üçün yay dil kursları (Almaniyada bir aylıq dil kursu) təqaüdləri; tələbə və məzunlar üçün bütün ixtisaslar üzrə master təqaüdləri (2-4 semestrlik), iqtisadiyyat üzrə ERP-Master təqaüdləri; doktorantlar və gənc alimlər üçün 1-10 aylıq tədqiqat təqaüdü, 3 illik tam elmi müdafiə, binational elmi tədqiqat təqaüdü, təcrübəli alimlər üçün isə 1-3 aylıq tədqiqat səfərləri və sair təşkil oluduğunu qeyd etdi.
Ofis rəhbəri bu təqaüd proqramları ilə bağlı Almaniyada elmi rəhbərin tapılmasına da müəyyən kömək olunduğunu bildirdi. Bu məqsədlə DAAD-ın Məlumat Mərkəzi iddiaçılara hərtərəfli məsləhətlər verməyə hazırdır. O birmənalı qeyd edir ki, DAAD doktorantlara elmi müdafiə üçün daha bir imkan açan strukturlaşmış müdafiə proqramıdır.
Görüşdə tərəflər arasında belə bir razılıq əldə olundu ki, 15 yanvar 2016-cı il tarixindən sonra DAAD təqaüd proqramları üzrə dəvət olunmuş ixtisaslaşmış mütəxəssislər AMEA Dəyirmi zalında gənc alim və mütəxəssislər üçün əlavə seminar keçirsinlər.
Görüşdən sonra almaniyalı qonaq AMEA-nın 70 illiyinə həsr olunan sərgi ilə də tanış oldu.
--

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.