AMEA Aşqarlar Kimyası İnstitutunda gənc alimlər multidissiplinar tədqiqatlar aparırlar
Yan 08 , 2016 | 02:00 / Elmi müsabiqələr
Oxunma ( 3738 )

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda bir qrup gənc alimlər "Antimikrob xassələrə malik fizioloji fəal üzvi birləşmələrin kimyəvi və mikrobioloji sintezi və alınan maddələrin xüsusiyyətlərinin və tətbiq sahəsinin müəyyənləşdirilməsi" mövzusunda multidissiplinar tədqiqatlara başlayıb. Bu tədqiqatlar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislər arasında keçirilən 3-cü qrant müsabiqəsi çərçivəsində qalib olan eyniadlı layihəyə uyğun həyata keçirilir. Layihənin rəhbəri Aşqarlar Kimyası İnstitutunun ""Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasının gənc elmi işçisi Sevinc Qocayevanın məlumatına görə, Layihənin məqsədi antioksidant və antimikrob xassələrə malik tetrapirimidintionlar və onların karboksilat törəmələrindən ibarət yeni üzvi maddələri sintez etmək, həmin maddələrin və onların çevrilmə məhsullarının xüsusiyyətlərini araşdırmaq, tətbiq sahələrini müəyyənləşdirməkdir.

O qeyd etdi ki, yeni maddələr sintez olunmaqla, onların antimikrob və antifunqisid xassələri AMEA Mikrobiologiya İnstitutunda analiz olunacaq, qurluşu ilə funksional xassələri arasında əlaqə öyrəniləcək.
Layihə rəhbəri deyir ki, eyni zamanda yeni alınacaq maddələrin bəzi nümunələrinin Türkiyə Atatürk Universitetində fizioloji fəalığı qiymətləndiriləcək. O, bu məqsədlə həmin tədqiqat müəssisəsinə elmi ezamiyyət də nəzərdə tutulduğunu vurğuladı.
Qeyd edək ki, layihənin bir il müddətində həyata keçirilməsi planlaşdırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.