Fotos
Azərbaycanda ilk dəfə "SCOPUS Mükafatları"nın təqdimatı olub
Yan 26 , 2016 | 12:00 /
Oxunma ( 5209 )

Yanvarın 25-də “Shah Palace Baku” otelində dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatları”nı təqdim etmək məqsədilə tədbir və qala gecəsi keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb.

Bildirib ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib. “SCOPUS Mükafatı Azərbaycan-2016” ölkəmizdə aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları, həmçinin eksklüziv akademik jurnalları önə çəkmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyır.

Qeyd olunub ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamət (Araşdırmalar və Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatları) olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Elsevier” nəşriyyatının daxil olduğu “RELX” qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi, Təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev təqdimatların əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildiriblər.

Vurğulanıb ki, bu təqdimatlar Azərbaycanın dünya elminə inteqrasiya etdiyini və əldə etdiyi beynəlxalq təcrübə ilə mühüm nailiyyətlərə imza atdığını bir daha təsdiqləyir.

Məlumat verilib ki, “Elsevier” aralarında “ScienceDirect”, “SCOPUS”, “Elsevier Research İntelligence” və “Clinical Key”in olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. “Elsevier” “RELX Group” şirkətlərindən biridir. “RELX” elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın Fizika və Riyaziyyat və Mexanika institutları), həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına əsasən mükafatlar təqdim olunub. Həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu xüsusi mükafatlarla təltif olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.