Fotos
Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüş keçirdi
Yan 29 , 2016 | 04:20 /
Oxunma ( 6323 )

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüş keçirib.

Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın müstəqillik tarixindən danışan dövlətimizin başçısı ilk illərin ölkəmiz və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pislədi. Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas etdi. “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, - deyən dövlətimizin başçısı əminliklə söylədi ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident İlham Əliyev dedi ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirdi. “Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən Prezident İlham Əliyev bildirdi ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.

“Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”, - deyən Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə etdi, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirilmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırdı. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.

 

Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olundu.

Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını dedi, bu prosesin davam etdiriləcəyini vurğuladı.

Sonra görüşdə Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı, “Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm Məcidova,  “BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira Məmmədova, Gənc sahibkar, Davos İqtisadi Forumunun “Qlobal şefrs” təşkilatının üzvü Müşfiq Həsənov, “Gəncə 2016 - Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun Zeynalova, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək fikirlərini bildirdilər.

Prezident İlham Əliyev gələcəkdə də Gənclər Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirdi.

Qeyd edək ki, bu görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssisləri Şurasının sədri, dosent Famin Salmanov iştirak edib.

Sonda xatirə şəkli çəkdirildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.