Fev 12 , 2016 | 07:00 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının ümumi yığıncağı keçirilib.
İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, tədbiri institutun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu açaraq gənc mütəxəssislərə uğurlar arzuladı, təklif və tövsiyələrini səsləndirib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu çıxışında Azərbaycanın dövlət siyasətində gənclərlə bağlı siyasətin prioritet sahələrdən biri kimi diqqətə alındığını bildirib və qeyd edib ki, gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların, elmi nailiyyətlərin və müasir texnologiyaların tətbiqi işinin kəmiyyət və keyfiyyətinin yüksəlməsi, bu fəaliyyətlərin dünyaya çıxması, gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsi daha vacibdir: “Bu istiqamətlərdə üzərimizə düşən tədbirləri həyata keçirmək və fəaliyyət planımızı təsdiq etmək üçün “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda göstərilən vəzifələri əsas götürməliyik”.
C.İsmayıloğlu şura üzlərinə fəaliyyət planında yer alan ““Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının məqsədi, əsəs vəzifələri, nəticələr haqqında müzakirənin təşkili”, “Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi”, “Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi”, “Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi”, “Dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri, respublikanın digər elmi müəssisələri və Ali təhsil müəssisələrinin təhsil tədqiqat-innovasiya mərkəzləri ilə əməkdaşlığın qurulması”, “Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi”, “Dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilmək məqsədi ilə elektron mərkəzin qurulması” və başqa müddəalar haqqında məlumat verib.
Şuranın sədr müavini Təranə Şükürlü institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, onların “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsində fəal iştirak etdiklərini bildirib.
Şuranın sədr müavini Rasim Heydərov və digər şura üzvləri çıxış edərək fəaliyyət planına əlavə təkliflər ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.