Mart 14 , 2016 | 04:29 / ELMİN TƏBLİĞİ
Tədbir şagirdlərin Botanika İnstitutunu ziyarəti ilə davam etdi. Ali bitkilərin sistematikası şöbəsinin elmi işçisi, doktorant Şəhla Mirzəyeva şagirdlərə İnstitutun zəngin Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqda əyani vasitələrdən istifadə etməklə məlumat verdi. Gənc mütəxəssis Xanım Həsənova sagirdləri Botanika muzeyində nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə ilə tanış edərək, Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı məlumat verdi.
Sonda şagirdlər Mərkəzi Nəbatat Bağının qonağı oldular. MNB-nın doktorantı Aynur Ərəbzadə şagirdlərə Bağın kolleksiyasına daxil olan Azərbaycan florasına aid endem və nadir bitki növləri, həmçinin dərman bitkilərini nümayiş etdirərək onların təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri haqqında danışdı.
Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Fərid Seyfullayev Dendroxronologiya elmi haqqında umumi məlumat verərək müasir burğu vasitəsilə ağacdan götürdüyü nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyinini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah etdi. Arxeoloji qazıntılar zamanı tapılan 3 və 6 min il bundan əvvələ aid ağac və yaşı 10 min illərlə ölçülən daşlaşmış oduncaq nümunələrinin nümayişi şagirdlərin xüsusi marağına səbəb oldu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.