1459854249.jpg)
Apr 05 , 2016 | 02:56 / Elmi müsabiqələr
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası gənc tədqiqatçılar arasında 2016-cı il üzrə “akademik Əli Quliyev adına mükafat” müsabiqəsi elan edir. Müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alimlər layiq görüləcək. Bunun üçün İnstitutun laboratoriya rəhbərləri tərəfindən elmi fəaliyyəti ilə seçilən əməkdaşının namizədliyi irəli sürə bilər.
Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktorlu) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.
Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif edəcək. Şura üzvləri təklif olunan namizədi müzakirə edib haqqında qərar verəcək.
Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günündə (may ayının 31) təqdim olunacaq.
Laboratoriya rəhbərləri 15 may tarixinə qədər mükafata təklif etdiyi namizədlər haqqında müvafiq sənədləri (tərcümeyi-hal, xasiyyətnamə, təqdimat və mükafata təklif olunan namizədin elmi əsəri) Gənc Alim və Mütəxəssislər Şurasına (otaq 115) təqdim edə bilərlər.