AMEA Genetik Ehtiyatlar İnstitutunda Beynəlxalq vebinarlar keçirilir
Apr 12 , 2016 | 02:33 /
Oxunma ( 3109 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bu ilin yanvar ayından başlayaraq AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun (MBBİ) Bioinformatika laboratoriyasının müdiri və Azərbaycan Tibb Universitetinin (ATU) professoru, hazırda Səudiyyə Ərəbistanın Kral Abdulla Elm və Texnologiya Universitetində elmi tədqiqatlar aparan, AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun təşəbbüsü və GEİ-nin  rəhbərliyinin hərtərəfli dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq vebinarlar (internet vasitəsi ilə seminar) təşkil olunur. Müntəzəm şəkildə keçirilən bu vebinarlarda GEİ, MBBİ-nin Bioinformatika laboratoriyası, ATU-nun Tibbi biologiya və genetika kafedrasının və Milli Onkologiya Mərkəzinin əməkdaşları əməkdaşları iştirak edirlər. Xüsusi qeyd olunmalıdır ki, internet vasitəsi ilə keçirilən seminarın iştirakçıları arasında gənc tədqiqatçılar əksəriyyət təşkil edir və yaxın vaxtlarda ABŞ, Almaniya, Avstraliya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdə olan tədqiqatçılar da qatılacaqdır.

Bu vebinarların  təşkil olunmasında məqsəd biologiya, tibb və aqrar elmlərin son nailiyyətləri üzrə məlumatların paylaşılması və müzakirəsi, onların əsasında yeni elmi ideyalar və layihələr formalaşdırmaq, AMEA-nın, universitetlərin və digər elmi tədqiqat mərkəzlərinin alimləri arasında elmi əməkdaşlıq əlaqələrini genişləndirmək və dərinləşdirmək, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və digər mənbələr vasitəsi ilə əldə olunmuş elmi avadanlıqlardan daha səmərəli və geniş miqyasda istifadə olunmasına nail olmaq, Azərbaycan alimlərinə (xüsusən, gənclərə) digər ölkələrdən olan aparıcı tədqiqatçılarla təmasda olaraq elmi əməkdaşlıq imkanları qazandırmaq, gənc tədqiqatçıların elmi seminarlarda məruzə etmək təcrübəsini artırmaq, onlarda elmi müzakirə mədəniyyətini formalaşdırmaq, Gənc alim və mütəxəssislərin, magistr və doktorantların elmin ən müasir istiqamətləri üzrə daha dərin biliklərə yiyələnmələrinə, tədqiqatçı vərdişlərinin inkişafına yeni imkanlar yaratmaqdır.

İlk 5 vebinarda İ.Şahmuradovun “Bioinformatikaya giriş” (22 yanvar, 2016), “Ardıcıllıqların düzlənməsi: məqsəd və vasitələr” (12 fevral, 2016), "Nukleotid və zülal ardıcıllıqlarının müqayisəsi və alınmış nəticələrin interpretasiyası" (19 fevral, 2016), “Genomların annotasiyası problemi və onun həlli üçün təcrübi və bioinformatik resurslar” (26 fevral, 04 mart, 2016) və “İnsana genetik baxış: genomumuz və onun təkrar-təkrar annotasiyası, genomüstü” irsiyyət” (11 mart, 2016) mövzularında məruzələri dinlənilərək ətraflı müzakirələr aparılmışdır.

Bundan başqa, 31 mart 2016-ci ildə Türkiyənin “İrəli Genom və Bioinformatik Araşdırma Qrupu” nun (İGBAM) əməkdaşı Dr. Hüseyin Demircitərəfindən mərkəzin əsas tədqiqat istiqamətləri və uğurları, həmçinin ekzom sekvenslənməsi ilə bağlı məruzəsi dinlənilmiş, GEİ-nin mərkəzlə gələcək əməkdaşlıq perspektivlərindən danışılmışdır.

1 aprel 2016-cı il tarixində GEİ-nin Biotexnologiya şöbəsinin böyük elmi işçisi,  biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova “Transkriptomiks, tədqiqat üsulları və tətbiq sahələri”  mövzusunda məruzə etmişdir. Məruzəçi transkriptomiks və onun tədqiqat üsulları, insan və bitki genomlarının tədqiqində istifadə imkanları haqqında ətraflı məlumat vermiş və iştirakçıların çoxsaylı sualları cavablandırmış və mövzu üzrə geniş müzakirələr aparılmışdır.

8 fevral 2016-cı il tarixində ATU-nun baş müəllimi, GEİ-nin doktorantı, biologiya üzrə fəlsəfə doktoru Leyla Süleymanova “Kodlaşdırmayan RNT-lər dünyası” mövzusunda çıxış etmişdir. Məruzədə kiçik və uzun kodlaşdırmayan RNT-lər, onların funksiyası və identifikasiyası üsulları haqqında geniş məlumat verilmiş, mövzu və verilən suallar ətrafında müzakirələr olmuşdur.

Vebinarlar bundan sonra da davam etdiriləcəkdir. Bununla əlaqədar xüsusi vurğulanmalıdır ki, təşkilat mənsubiyyətindən asılı olmayaraq istənilən tədqiqatçı və tələbə bu vebinarlarda iştirak edə bilər. Yaxın zamanlarda digər ölklərdə çalışan alimlərin də qatılacağı belə elmi müzakirələr qarşılıqlı faydalanmaq üçün imkanlar yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.