Apr 28 , 2016 | 04:00 / ELMİN TƏBLİĞİ
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Bakı Dövlət Universiteti Tələbə Həmkarları İttifaqı Komitəsinin təşkilatçılığı ilə növbəti elmi seminar Universitetin “Filologiya” fakültəsinin tələbə və magistrləri üçün təşkil olunub. “Qloballaşma şəraitində Azərbaycan dili” mövzusu altında keçirilən seminarı, giriş sözü ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu açaraq qeyd edib ki, artıq ənənə halını almış belə seminarların keçirilməsinə olan maraq davamlı və yüksələn tendensiya üzrə artır. Onu da vurğulayıb ki, bu gün təqdim olunacaq mövzu aktuallıq və populyarlıq nöqteyi nəzərindən seminar iştirakçıları üçün çox güman ki, maraqlı olacaq.
N.Yigitoğlu, həmçinin Akademiyanın humanitar bölməsinə daxil olan instututlarında gənclər üçün yaradılan imkanlardan, onların əldə etdikləri uğurlardan və artıq ikinci ildir ki, AMEA-ya magistratura pilləsi üzrə 60-dan çox ixtisasında qəbulun aparılacağından danışaraq qeyd etdi ki, Universitet tələbələrinin bu qəbulda iştirak etməsi gələcəkdə onlar üçün elmi fəaliyyət istiqamətində böyük perspektivlər yaradacaq.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov seminarın mövzusu ilə əlaqədar təqdimatla çıxış etdi. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan tədbirdə, məruzəçiyə ünvanlanan suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.