May 05 , 2016 | 04:02 / Mühüm hadisələr
"Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadəümummili lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb.
AMEA-nın prezidenti bildirib ki, Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə çatmasına nail olunub. Akademik bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.
Akademiya rəhbəri AMEA-nın bugünkü fəaliyyətində də ulu öndərin böyük xidmətlərindən bəhs edib: "Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlayıb. Ulu öndərin əsasını qoyduğu düşünülmüş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev daim yaddaşlarda qalacaq, xalqımız onu həmişə fəxrlə anacaq".
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Yeni Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə", Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Heydər Əliyev və Azərbaycanda milli mədəniyyətin inkişafı", Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova "Heydər Əliyev və Azərbaycan təbiəti",AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov "Heydər Əliyev: Gənclik və müasirlik" mövzusunda məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.