Fotos
GƏNC ALİM və MÜTƏXƏSSİSLƏRİN ƏNƏNƏVİ FUTBOL ÇEMPİONATI BAŞA ÇATDI
May 13 , 2016 | 04:00 / İdman yarışları
Oxunma ( 3322 )

Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin III futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib. Öncə meydançaya çempionatın III yer uğrunda mübarizə aparan Neft-Kimya Prosesləri və Genetik Ehtiyatlar İnstitutu komandaları dəvət olundu. Bu yarışmada 6-2 hesabı nəticə qeydə alınmaqla, Genetik Ehtiyatlar İnstitutu komandası qələbə qazandı və adını mükafatçılar sırasına yaza bildi. Sonra isə çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçirilən oyundan Fizika İnstitutunun komandası 5-3hesabla qalib ayrılaraq çempion olub.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasiminə qatılan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ənənəvi çempionatın Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirərək yarış qaliblərini təbrik edib. O artıq üçüncü dəfədir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən AMEA rəhbəri bunun əsasında dövlətimizin bu sahəyə diqqət və qayğısının dayandığını vurğulayıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov bu dəfəki çempionatda Akademiyanın müxtəlif institut və təşkilatlarından olmaqla, ümumilikdə 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqla keçdiyini söyləyib, göstərilən dəstəyə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra AMEA prezidenti qalibləri mükafatlandırıb.

Çempionatın qalibi adını qazanan AMEA-nın Fizika İnstitutunun  komandasına qızıl medallar, ikinci yerin sahibi  Geologiya və Geofizika İnstitutu  komandasına gümüş, üçüncü yeri tutmuş Genetik Ehtiyatlar İnstitutunun komandasına bürünc medallar təqdim olunub. Qalib komandaların üzvlərinə həmçinin diplom və pul mükafatlar da verildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.