Bakı Avropa Liseyinin şagirdləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ekskursiya ediblər
May 25 , 2016 | 02:10 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3185 )

Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Avropa liseyinin şagirdləri üçün növbəti dəfə “Açıq qapı” günü təşkil olunub.

Tədbiri giriş sözü ilə İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açıb. O, təhsillə elmin inteqrasiyasından danışaraq bildirib ki, son vaxtlar Elmlər Akademiyasında bu istiqamətdə bir sıra işlər görülüb. Belə ki, Akademiya rəhbərliyinin təşəbbüsü ilə keçən ildən ayrı-ayrı tədqiqat institutlarında magistratura pilləsi təsis olunub, eyni zamanda  universitetlərin baza kafedraları yaradılıb, bir neçə məktəbdə isə elm guşələri, o cümlədən Bakı Avropa liseyində Kimya Elmləri Bölməsinin elm guşəsi açılıb. Alim bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə ilkin dünya görüşün formalaşdırılması, onlarda akademik elmə, eləcə də kimya elminə marağı artırmaqdan ibarətdir.

Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aygün İsazadə məktəblilər qarşısındab “Kimya və həyat” mövzusunda məruzə ilə çıxış edib, şagirdləri maraqlandıran sualları cavablandırıb.

“Açıq qapı" çərçivəsində məktəblilər müxtəlif laboratoriyaların iş rejimi və ən son fiziki-kimyəvi cihaz-avadanlıqlarla yerində tanış olublar.  Nümayiş olunan əyləndiric-öyrədici təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.