AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc tədqiqatçısı Türkiyədə tərs məsələlər üzrə Beynəlxalq konfransda məruzə edib
İyn 01 , 2016 | 08:59 / Mühüm hadisələr
Oxunma ( 5428 )

23-28 may 2016-cı il tarixlərində Türkiyənin Fethiye şəhərində "Tərs məsələlər: Modelləşdirmə və Simulyasiya" mövzusunda ənənəvi 8-ci Beynəlxalq konfrans (The 8th International Conference "Inverse Problems: Modeling and Simulation" – IPMS2016) keçirilib: www.ipms-conference.org

Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov iştirak edib.

Konfransa dunyanın 32-dən çox ölkəsindən 160-dan çox nüfuzlu alim qatılmışdır. Konfransın proqramına 3 plenar məruzə və 19 minisimpozium çərçivəsində dəvətli məruzələr daxil edilib. Bu konfrans “Tərs məsələlər üzrə Avrasiya Assosiasiyası (TMAA)”, həmçinin “Inverse Problems”, “Journal of Inverse and Ill-Posed Problems” və “Inverse Problems in Science and Engineering” kimi nüfuzlu beynəlxalq jurnalllar tərəfindən təşkil olumuşdur. Konfransın əsas məqsədi tərs məsələlərin müxtəlif istiqamətləri üzrə müxtəlif sahələrdə, məsələn, riyaziyyat, statistika, mühəndislik, fizika, kimya, biologiya, tibb, meteorologiya, kompüter elmləri və s. sahəsində tədqiqat işi aparan tədqiqatçıları bir araya gətirib, onların qarşılıqlı multidisplinar və beynəlxalq əlaqələrinə təkan vermək olub.

Anar Rəhimov prof. Daniel Lesnik (Lids Universiteti, Böyük Britaniya) tərəfindən təşkil olunan “Əmsalın identifikasiyası məsələləri” (Coefficient Identification Problems) minisimpoziumunda “İnteqral şərtlərlə verilmiş parabolik tənlik üçün tərs mənbə məsələləri sinfinin ədədi həlli” (Numerical solution to a class of inverse source problems for a parabolic equation with integral overdetermination conditions) mövzusunda məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmaqla, mövzu ərafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Anar Rəhimov hal-hazırda “AMEA-nın gənc alim və mütəxəssislərinin Avropanın elm mərkəzlərində doktorantura təhsili və elmi-tədqiqat işləri aparması” proqramı çərçivəsində Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda (www.fresnel.fr/spip/spip.php?article1124&lang=fr) tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işləri aparır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.