Fotos
“Gənclər üçün Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi qalibləri mükafatlandırıldı
İyn 03 , 2016 | 03:00 / Elmi müsabiqələr
Oxunma ( 1676 )

03 iyun 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən “Gənclər üçün Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirmişdir ki, İnstitutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir: "Həm elmi-ictimai fəaliyyəti ilə seçilən gənclərimizə adlı mükafat verilir, həm də doktorant, disertantların elmi-tədqiqat aparmaq vərdişlərini artırmaq, onların elmi tədqiqatlara daha ciddi yanaşmaları, onların əsl elmi mütəxəssis kimi yetişməsi, nitq qabiliyyətini inkişafı məqsədi ilə "Ən yaxşı elmi məqalə", "Ən yaxşı elmi məruzə" kimi müsabiqələr təşkil olunur”.

V.Fərzəliyev İnstitut gənclərinin xarici dil bilik və bacarıqlarının artırılması üçün artıq ingilis dili kurslarına start verildiyini bildirdi. O, eyni zamanda bu ildən magistraturaya qəbul planında Aşqarlar Kimyası İnstitutuna 2 yer ayrıldığını, bunun da elmlə təhsilin vəhdətinin möhkəmləndirilməsi yolunda həlledici amil olduğunu diqqətə çatdırdı.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev elmə yenicə addımlar atan gənc tədqiqatçılarda həvəs yaradılması yolunda belə müsabiqə və mükafatlandırmanın olmasını mühüm addım hesab etdi: "Belə tədbirlərdən biri və ən əsası elmi-ictimai fəaliyyəti ilə seçilən gənclərin mükafatlandırılmasıdır ki, artıq 3-cü ildir keçirilməklə, bir ənənə halını alıb. Bu ənənəvi layihə çərçivəsində ildə bir nəfərə “Akademik Əli Quliyev adına mükafat”ı verilir. Bu adlı mükafatın qalibini seçmək üçün 05 aprel-15 may tarixləri arasında elan verilmişdir. Mükafatın əsasnaməsinə uyğun olaraq, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər layiq görülə bilər. Bunun üçün İnstitutun laboratoriya rəhbərlərinə elmi fəaliyyəti ilə seçilən əməkdaşlarının (3 nəfərdən çox olmamaqla) namizədliyini irəli sürmək tövsiyə olunmuşdur".

Şura sədri vurğulamışdır ki, namizədlərin seçimi zamanı bir neçə meyar müəyyənləşdirilmişdir. Belə ki, namizədlərin aldığı nəticələrin elmi və praktik əhəmiyyəti əsas götürülmüş, eyni zamanda nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi meyarlar da nəzərə alınmışdır. Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif etmiş, Şura üzvləri təklif olunan namizədi müzakirə edib haqqında qərar vermişdir.

O, Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyi münasibətilə institutda çalışan gənc alim, doktorant, disertant və magistrlər arasında keçirdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsi haqqında da ətraflı məlumat verdi. AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev istər gənclər üçün “Akademik Əli Quliyev adına mükafat”, istərsə də “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsinin şəffaf aparıldığını söylədi.

Müsabiqə Komisiyasının üzvi, k.ü.f.d. Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də məruzə təqdimatlarında müşahidə etdiyi üstünlüklərdən danışdı. Hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə "Ən yaxşı elmi məruzə" müsabiqəsi üzrə Səbiyə Osmanova I yer, Könül Qəhrəmanova II yer, Günay İsmayılova III yer tutub. İnstitutun gənc elmi işçisi Sevinc Qocayeva “Akademik Əli Quliyev adına mükafat”a layiq görülüb. Tədbirin sonunda bütün qaliblərə diplomlar təqdim edilmişdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.