İyn 07 , 2016 | 03:53 / Mühüm hadisələr
Azərbaycan florasının, xüsusilə Paxlalılar fəsiləsinə aid olan Paxladən (Atraqalus) cinsinin Qafqazda yayılmış növlərinin tədqiqatı məqsədi ilə Rusiya Elmlər Akademiyası Botanika İnstitutunun böyük elmi işçisi, b.e.d. Andrey Sıtin, b.ü.f.d. Lidya Ryazanova və doktorant Aleksandr Ximarik AMEA Botanika İnstitutunun qonağı olub.
Səfər çərçivəsində A.K.Sıtin və L.V.Riyazanova İnstitutun Herbari Fondunda Astraqalus L. nümunələri üzərində nomenklatur dəyişiklər aparıb, bu növlərin Azərbaycanda yayılma ərazilərini təsbit ediblər. Həmçinin, Herbari Fondunun əməkdaşları ilə rusiyalı alimlər bitkilərin sistematikası, morfologiyası və herbari materiallarının hazırlanması üzrə təcrübə mübadiləsi aparıblar.
AMEA Botanika İnstitutunun rəhbərliyi tərəfindən İnstitututun əməkdaşları b.e.d. Naibə Mehdiyeva və b.ü.f.d. Vuqar Kərimovun müşayəti ilə qonaqların Azərbaycanın müxtəlif bölgələrinə (Talış, Naxçıvan, Gəncə, Xızı, Altıağac) ekspedisiyaları təşkil olunub. Toplanan herbari materiallar AMEA Botanika İnstitutunun Herbari Fonduna və REA-nın Herbari Fonduna saxlanılacaq. Həmçinin, çöl tədqiqatları zamanı çəkilən bitki fotoşəkilləri rusiyalı alimlərin hazırladıqları Qafqaz florasının konspektində və müasir texnoloji elektron xəritələrdə öz əksini tapacaqdır.
Botanika İnstitutunda təşkil olunan seminarda müştərək tədqiqatların nəticəsi kimi A.K.Sıtin “Qafqazın birillik Asraqalı; təkamül və taksanomiya problemləri”, Aleksandr Ximarik “İnteraktiv çoxgirişli müəyyənləşdirici açarların tətbiqi” mövzulu məruzə ilə çıxış edib. Azərbaycanlı və Rusiyalı mütəxəssislər təqdim edilən mövzular və müxtəlif botaniki problemlər ətrafında müzakirələr aparıblar.