İyn 17 , 2016 | 04:00 / Mühüm hadisələr
17 iyun 2016 cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ümumi iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri, dosent Famin Salmanov açaraq gündəlikdə duran məsələləri Şura sədrlərinin diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bu ilin yanavar ayında Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə verdiyi Sərəncamla əlaqədar 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsindən sonra ölkəmizin əsrlər boyu tarixi, mədəni, dini və s. həyatında mühüm rol oynamış multikultural dəyərlər və ənənələrə dair respublikamızda və onun hüdüdlarından kənarda müxtəlif yerli və beynəlxalq əhəmiyyətli silsilə tədbirlər həyata keçirilib və çox güman ki, bu proses ilin sonuna kimi davam edəcəkdir. Bu kontekstdə çıxış edən sədr, fikirlərinin davamı olaraq qeyd etdi ki, Azərbaycanda baş verən bütün elmi-ictimai, siyası və sosial proseslərə peşəkarcasına qoşulan gənc alimlərimizin ölkəmiz üçün mühüm tarixi-siyası strateji əhəmiyyət daşıyan bu məsələyə də çox həssas yanaşması, məhz elmi cəhətdən multikulturalizm ənənlərimizi araşdırmaları çox qürürverici haldır. Bu məsələdə birmənalı şəkildə xüsusi fəalliq göstərən AMEA Fəlsəfə və Hüquq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın əməyini xüsusi qeyd edən natiqin sözlərinə görə, onun ən böyük uğuru bu yaxınlarda nüfuzlü “Springer” nəşriyyatında çap olunmuş “The Challenges of Contemporaneity - Postmodernity and Multiculturalism” əsərini ərsəyə gətirməsidir.
Gündəliyin birinci məsələsilə bağlı sözügedən əsərin təqdimatında çıxış edən gənc müəllif Rodia Rzayeva, çoxillik tədqiqatların nəticəsində ərsəyə gətirdiyi əsərin sevincini gənc həmkarları ilə bölüşdüyünün qürürverici olduğunu vurğuladı. Çıxışının davamında “Springer” nəşriyyatının fəaliyyətinin 170 il civarında olması, onun iki əsrə yaxın müddətdə qazandığı təcrübə və uğurlarından geniş danışan gənc alim, bəzi statistik göstəriciləri də iclas iştirakçılarının diqqətinə çatdırıraq bildirdi ki, bu nəşriyatda nəzəriyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Enşteyn daxil olmaqla, bir sıra nobel laureatlarının mühüm elmi əsərləri məhz bu nəşriyyatda çap edilərək ictimailəşmişdir. O, həmçinin elmi əsərin strukturundan, daha vacib əhəmiyyət daşıyan məqamlardan geniş məlumat verdi. Tədqiqatçının elmi araşdırmalarını ehtiva edən kitab haqqında iclas iştirakçılarının çoxsaylı suallarını cavablandıran müəllif, bu istiqamətdə fəaliyyətini davam etdirdiyini və yeni nəşrlər haqqında düşündüyünü vurğulayaraq təqdimatını sonlandırdı.
Daha sonra əsər haqqında mazakirələrə qoşulan AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov müəllifi təbrik etməklə bərabər, kitab haqqında geniş təəssüratlarını iştirakçılarla bölüşdülər.
İclasın növbəti məsələsi 2016-cı ilin noyabr ayında Gəncə şəhərində AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq Forum keçirilməsinə hazırlıq məsələsinin müzakirəsi ilə bağlı oldu. Bununla əlaqədar söz alan, tədbirin Elmi Təşkilat Komitəsinin elmi katibi, gənc müxtəxəssis Aysel Cəbrayılova bir sıra vacib məqamları iştirakçıların diqqətinə çatdırararaq qeyd etdi ki, AMEA-nın, əsasən Humanitar və İctimai elmləri bölmələrinə daxil olan institutların gəncləri Foruma mürəciətlə bağlı nisbi fəallıq göstərirlər. O, həmçinin vuğuladı ki, kənar elm və təhsil profilli təşkilatların gəncləri də tədbirdə iştirakla bağlı Elmi Təşkilat Komitəsinə müraciətlər edib. Bundan savayı, Böyük Britaniya, İsveç, Latviya, Türkiyə, Belarus, Rusiya, Gürcüstan, Misir, İndoneziya və s. ölkələrin gənclərinin də Beynəlxalq tədbirə iştirakı dəqiqləşib. Bu mövzu geniş müzakirə olunduqdan sonra, Şura sədri Famin Salmanov bəzi təşkilatların Şura sədrlərinə müvafiq tapşırıqlar verməklə, təmsil etdikləri müəssisələrin gənclərinin tədbirdə iştirakını təmin etmələrini, ümumlikdə bu işdə fəallıq göstərmələrini xahiş etdi.
Gündəlikdə yer alan sonrakı məsələ haqqında məlumat verən sədr, növbəti keçirilməsi nəzərdə tutulan konfransın AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 21-22 noyabr 2016 -ci il tarixlərində Bakı şəhərində Gənc türkoloqların I Türkoloji Qurultayının 90 illiyinə həsr olunan “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” adlı beynəlxalq tədbirlə əlaqədar olduğunu bildirdi. O, bu məslənin təsadüfən deyil, məhz bu il il I Türkoloji Qurultayın 90 illik yubileyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin tarixi hadisənin 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı ildə imzaladığı Sərəncamda irəli gəldiyini vurğuladı. Tədbir haqqında geniş müzakirələr aparıldıqdan sonra beynəlxalq konfransın birinci sirkuliyarının hazırlanması, təşkilatı işlərə start verilməsi haqqında ümumi qərar qəbul edildi.
Yığıncağın sonuncu məsələsi ilə əlaqədar danışan Famin Salmanov, bundan sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının iclaslarının formatında müəyyən dəyişikliyin edilməsi – hər bir iclasda elmi müzakirələrin təşkili zərurətinin yarandığını dedı. O, təklif etdi ki, növbəti iclaslarda Şura sədrləri başda olmaqla, xaricdə nisbətən uzunmuddətli akademik kurs və təlimlərdə iştirak etmiş gənclər və həmçinin AMEA-ya daxil olan təşkilatların gənc alim və mütəxəssisləri apardıqlarlı elmi tədqiqatın nəticələrinə dair məruzələr hazırlamalı və kənardan dəvət olunmuş müvafiq mütəxəssislərin iştirakı ilə onları müzakirə etməlidilər. Təklif qəbul olunduqdan sonra iclas işini başa vurdu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.