“Azərbaycan - bölünməz Vətənimiz” mövzusunda “dəyirmi masa” keçirilib
Avg 07 , 2016 | 11:49 /
Oxunma ( 2955 )

Astaranın Əzərüd kəndində aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidin məzarı ziyarət edilib, ruhuna Quran ayələri oxunub.

Sonra “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun moderatorluğu ilə “Azərbaycan - bölünməz Vətənimiz” mövzusunda “dəyirmi masa” keçirilib.

Astaralı şair Mehman Qaraxanoğlu, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, ADPU-nun baş müəllimi, şair Adil Həsənoğlu, respublikamızın tanınmış pedaqoqları - Əməkdar Müəllim Hüseyn Şahbəndəyev, filosof-tənqidçi Şakir Paşayev Pəncəlinin həyat və döyüş yolunun hər bir azərbaycanlı gənc üçün örnək olduğundan danışıblar. Aprel döyüşlərinin xalqımızın ruhunun, vətənpərvərlik duyğularının, dövlət-xalq birliyinin təcəssümünə çevrildiyi faktlarla diqqətə çatdırılıb.

Şəhidin valideynləri, qardaşları, müəllimləri, yaxın dostları çıxışlarında bildiriblər ki, Pəncəli uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı. Ona görə də əsgərlikdən sonra könüllü olaraq hərbi xidmətdə qalmış, yüzlərlə hərbçinin içindən seçilib Türkiyədə təlim-məşqlərə qatılmışdı. Türkiyə və Azərbaycan xüsusi təyinatlıları arasında ən say-seçmə döyüşçülərdən sayılırdı, sağlığında hər iki ölkənin yüksək təltiflərini almışdı. Ona məşqçi, təlimçi kimi işləmək təkliflərindən hər dəfə israrla imtina edərək Qarabağın işğaldan azad edildiyi günədək döyüşçü, savaşçı qalacağını bildirmişdi. Aprel döyüşlərində də qarşısına qoyulmuş vəzifəni layiqincə yerinə yetirmiş, bu igidliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən dəyərləndirilmişdir.

H.Nərimanoğlu Pəncəli Teymurovun 3 il əvvəl, 2013-cü ildə öz toyunda dediyi, audio-video yaddaşlarda yaşayan, yüz minlərlə azərbaycanlının sosial şəbəkələrdə paylaşdığı sözlərini xatırlatdı: "Hər zaman xalqım, vətənim, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”.

Sonra üzərində Pəncəlinin rəsmi və dillər əzbəri olmuş həmin sözləri həkk edilmiş “Azərbaycan vətənpərvəri” plaketi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin adından Pəncəlinin atası Nurməmməd Teymurova, təhsil aldığı məktəbin direktoru Teyfur Teymurova təqdim edilib.

Şəhid atası Nurməmməd Teymurov Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək, Ali Baş Komandanın döyüş əmri olarsa, digər 3 oğlunun da hər an erməni işğalçılarına qarşı savaşa atılacaqlarını bildirib.

Sonda QHT-nin nəşri olan kitablar, disklər şəhidin ailəsinə, məktəbə və tədbir iştirakçılarına hədiyyə olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.