AMEA-da 2016-2017-ci tədris ili üzrə magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olunub
Sen 05 , 2016 | 05:42 / Mühüm hadisələr
Oxunma ( 2673 )

Sentyabrın 5-də AMEA Rəyasət Heyətinin binasında 2016-2017-ci tədris ili üzrə Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olunub. İclasda Təhsil şöbəsinin rəisi, Elmi-analitik şöbəsinin rəis müavini, elmi müəssisələrin təhsil şöbələrinin rəhbərləri və magistraturada təhsilin təşkilinə bilavasitə məsul olan şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov açaraq Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı barədə məlumat verib. Şöbə rəisi vurğulayıb ki, bu il magistratura pilləsinə qəbulda ən böyük rəqabət Akademiyada müşahidə olunub: “Son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, Akademiyada aparılan fundamental və tətbiqi araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. AMEA-nın qarşısına qoyduğu hədəflər sırasında elmtutumlu sahələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, Akademiyanın potensialından istifadə daha savadlı mütəxəssislərin hazırlanmasına kömək edəcək. Biz Akademiyada magistratura təhsilinin keyfiyyətinin daha da artırılması üçün bu cür görüşləri mütəmadi şəkildə keçirəcəyik”. Ömər Gülalov vurğulayıb ki, yaxın günlərdə AMEA prezidenti, akademik Akif Əlizadənin magistrlarla görüşü gözlənilir.

Sonra AMEA-nın Elmi analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov çıxış edərək, 2016-2017-ci tədris ilində Akademiyada magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu bildirib. Tədris planı və dərs saatları barədə iştirakçıları məlumatlandıran Hüseyn Hüseynov tədbir iştirakçılarının bir sıra suallarını cavablandıraraq qeyd edib ki, AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələr Elm və Təhsil İdarəsi tərəfindən bütün normativ sənədlərlə təmin olunacaqlar.

Sonda Təhsil şöbəsinin rəisi Ömər Gülalov iclas iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb və magistratura təhsilinin təşkilinin yüksək səviyyədə olması üçün AMEA rəhbərliyinin bütün zəruri addımlar atacağını bildirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.