Akademiyanın prezidenti yeni magistrantları ilə görüş keçirib
Sen 14 , 2016 | 05:26 / Mühüm hadisələr
Oxunma ( 3800 )

Sentyabrın 14-də AMEA-nın Dendrologiya İnstitutunda Akademiyanın yeni magistrantları ilə görüş keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidentləri, akademik-katibi, institut və təşkilatların direktorları, Təhsil şöbələrinin müdirləri, alim və mütəxəssislər iştirak edirdi.   

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Akademiyada magistratura təhsilinin təşkilinin əhəmiyyətindən danışıb, bu addımı elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Bildirib ki, akademiyada təhsil alan magistrantlar nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. A.Əlizadə Akademiyada onların elmlə məşğul olmaları, dünya elminə inteqrasiya etmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.  Vurğulayıb ki, yaxın vaxtlarda AMEA nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi də planlaşdırır. Bu da magistrantlara həm təhsil almağa, həm də laboratoriyalarda işləyərək təcrübə qazanmağa imkan yaradacaq.

Alim cari il AMEA-nın magistratura pilləsinə qəbulun nəticələrini də açıqlayıb. Qeyd edib ki, 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistrantı adını qazanıb ki, onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistratura pilləsində təhsil almaq üçün bu il ümumilikdə 600-dən çox ərizə verilib.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov çıxış edib. O, son illər ölkəmizdə elmi kadr hazırlığı prosesini sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada kompleks tədbirlərin görüldüyünü qeyd edib. Onun sözlərinə görə, AMEA tarixində ilk dəfə olaraq ötən il ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub.

Sonra AMEA-nın magistrantı adını qazanmış gənclərə tələbə biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda çıxış edən magistrantlar və onların valideynləri gənc alimlərə göstərdiyi diqqət və yaratdığı şəraitə görə AMEA prezidentinə təşəkkür ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.