Sen 15 , 2016 | 05:47 /
Son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə AMEA-nın təhsil sistemində geniş islahatlar aparılır. 2015-ci ildən başlayaraq AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir, doktorantların xarici dil fənni üzrə bilik səviyyələrinə qoyulan tələblər yüksəldilib, AMEA-da ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya yüksək balla 9 ixtisas üzrə 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub. Qəbul zamanı bakalavrlar arasında güclü rəqabət və elmə böyük maraq müşahidə olunmuşdur. Hazırda AMEA-da doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığının keyfiyyətcə yeni səviyyəyə qaldırılması başlıca məqsəd kimi qarşıya qoyulub. Bununla əlaqədar, habelə AMEA-da magistratura təhsilinin yeni olması və bu ilki qəbulda magistrların sayının 3 dəfədən çox artması AMEA-da təhsillə bağlı təşkilati işlərin həcmini xeyli artırıb. AMEA-nın yeni magistrlarının qeydiyyatının aparılması, onlar üçün fənlərin tədrisinin, auditoriyaların təşkili, tədris planlarının, fərdi iş planlarının hazırlanması, həmçinin AMEA-da ildə iki dəfə imtahan sessiyalarının təşkili, bu sessiyalarda, ümumilikdə 1000-dən çox imtahan verən doktorant, dissertant və magistrların imtahan nəticələrinin təhlili, bütün bu işləri və təhsillə bağlı digər tədbirləri həyata keçirən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunun və kadr potensialının gücləndirilməsini zəruri edir. Bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qərar qərara alır.