Yeni antibiotiklərin kəşfi və istehsalı ilə bağlı problemlər dünya alimlərinin diqqət mərkəzində.....
Sen 29 , 2016 | 05:46 /
Oxunma ( 3368 )

Bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin moderatorluğu ilə keçirilən  plenar iclasında dünyada antibiotiklərin kəşfi və istehsalı sahəsində yaranan problemlərə xüsusi diqqət yetirilib.  Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat antibiotiklərin keçən əsrdə icad edildiyini söyləyib. A.Yonat deyib ki, antibiotik bakteriyanın bakteriyaya qarşı mübarizəsidir. İndi insanlar antibiotiklərin daha çox istifadə olunmasından şikayətlənirlər: "Ancaq problem odur ki, bakteriyalar antibiotiklərə, daha doğrusu antibiotikin hazırlandığı bakteriyalara qarşı müqavimətini artırır, çünki onları tanıyır. Biz indi çalışırıq ki, elə antibiotiklər buraxaq ki, eyni struktura malik olmasınlar. Çünki hazırda istifadə ediləni antibiotiklər insan bədənindən xaric olunduqdan sonra da strukturunu itirmir, eyni struktura malik olurlar. Elə antibiotiklər yaratmalıyıq ki, düşünmək potensialı olsun, bəd və yaxşı bakteriyaları ayıra bilsinlər. Biz hazırda kiçik qrup olsaq da, bunun üzərində çalışırıq. Bu sahəyə qoyulan sərmayələr yetərli deyil. Bu, tək bir hökumətin də işi deyil. Biz Forumda bununla bağlı hökumətlərə çağırış ünvanlanmasını xahiş edirik. Dövlətlərin birgə dəstəyi ilə tezliklə yeni antibiotiklərin kəşfi və istehsalına başlamalıyıq. Dərman şirkətləri belə böyük sərmayələrin qoyulmasında maraqlı deyillər. Çünki dərman şirkətləri üçün antibiotiklər elə də böyük gəlir mənbəyi deyil”.   Kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bakteriyaların antibiotiklərə müqavimətinin artmasının bəşəriyyət üçün ciddi problem olduğunu vurğulayıb. O, yeni antibiotiklərin kəşfi və istehsalı üçün böyük sərmayəyə, kompüter texnologiyasından geniş istifadəyə ehtiyac olduğunu vurğulayıb: “Bu, kifayət qədər ciddi məsələdir. Biz bunu siyasi məsələ adlandıra bilərikmi? Bəli, çünki mənim əlimdə kifayət qədər sərmayə yoxdur. Son 30 ildə dünyada yeni struktura malik antibiotik hazırlanmayıb. Elə virus xəstəlikləri var ki, təbiətdə yaranır və insan bədəninə daxil olur. Bu, alimlər qarşısında tamamilə yeni problemlər yaradır. Yeni antibiotiklərin kəşfi sahəsində kompüterlərdən istifadə etmək zəruridir. Bu, yeni strukturda yaradılan antibiotikin gələcək təsirlərini də proqnozlaşdırmağa imkan verəcək”.   Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover bu gün tibbi avadanlıqların və dərmanların qiymətinin sürətlə artmasına diqqət çəkib: “Bu, təsadüfi deyil. Çünki hər hansı yeni dərmanla bağlı laborator sınaqlar ildən ilə daha böyük xərclər tələb edir və son nəticədə dərmanın, avadanlıqların qiyməti artır. Yaxud biz əvvəllər elə bilirdik ki, ağciyər, döş, beyin xərçəngi eyni xəstəlikdir. Ancaq artıq məlumdur ki, bunlar ayrı-ayrı xəstəliklərdir. Hətta döş xərçənginin 20 növü var. Üstəlik, ayrı-ayrı insanlar eyni dərmanlara fərqli reaksiyalar verirlər. Yeri gəlmişkən, bu gün biz elə bioproteinlər yaradırıq ki, təbii qidalardan da faydalıdır. Bu, Allahın işinə qarışmaq deyil”.

http://apa.az/xeber-az/sosial_xeberler/v-baki-beynelxalq-humanitar-forumunda-yeni-antibiotiklerin-kesfi-ve-istehsali-ile-bagli-dunya-dovletlerine-muraciet-unvanlanmasi-teklif-edilib.html

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.