Okt 08 , 2016 | 06:00 / Mühüm hadisələr
Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində qədim Gəncə şəhərində bu mühüm hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumuna hazırlıq üzrə təşkilati işlər başa çatıb. Konfransın Təşkilat Komitəsinin sədr müavini, Amea Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovun məlumatına görə, bu möhtəbər elmi tədbirə ümumilikdə 25 ölkənin 530 gənc alim və mütəxəssisləri müraciət edib. Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350-yə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab vermiş və qəbul olunmuşdur. Foruma on iki ölkədən 26 gənc alim və mutəxssis dəvət olunub, artıq onların iştirakı təmin edilmişdir. Xarici ölkələrdən - Türkiyə, Makedoniya, Belorusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, İraqdan eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən Foruma təşrif buyuran gənc alimlər həm panel, həm də poster müzakirələrində məruzələrini təqdim edəcək və fikir mübadiləsi apara biləcəklər.
Forum - dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin qlobal aktuallıq kəsb edən məsələlər, o cümlədən tarixi, dini, mədəni və s. mövzular ətrafında birgə fikir mübadiləsi aparması məqsədini daşıyır. Beynəlxalq tədbir çərçivəsində, həmçinin müxtəlif elmi sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə apardıqları tədqiqatlara dair disskusiyalarının təmin olunmasıını hədəfləyən konfransın da keçirilməsi nəzərdə tutulub.
Forum 14 oktyabra öz işini yekunlaşdıracaq.