Okt 10 , 2016 | 06:00 / Mühüm hadisələr
Bu gün Gəncə şəhərində “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumu öz işinə başladı. Şəhərin Heydər Əliyev Mərkəzində düzənlənən açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda Qurbanəliyeva bildirdi ki, Gəncə şəhəri 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilib. Bu münasibətlə şəhərdə silsilə tədbirlər keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu Forum da istər seçilmiş mövzusuna, istərsə də iştirakçıların dünyanın müxtəlif ölkələrini əhatə etməsinə görə çox əhəmiyyətlidir.
AMEA prezidenti, akademik Akif Əlizadənin Forum iştirakçılarına salamlarını və müraciətini çatdıran AMEA Yer elmləri bölməsinin akademik katibi, Konfransın Təşkilat Komitəsinin həmsədri, akademik Fəxrəddin Qədirov bildirdi ki, AMEA Prezidenti hörmətli Akif müəllim digər Dövlət tədbirində olduğundan burada iştirak edə bilmir. O qeyd etdi ki, elmin səviyyəsinin yüksəlməsi isə dünya elminə inteqrasiya prosesindən və biliklər mübadiləsindən asılıdır. Bu çağırışı əsas tutaraq AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası “Gəncə - Avropa Gənclər Paytaxtı 2016”-ya həsr olunmuş “XXI əsrdə Dünya Elminin İnteqrasiya Prosesləri” gənclərin beynəlxalq elmi forumunu keçirmək təklifini irəli sürmüş və bu təklif Rəyasət Heyəti tərəfindən müsbət qarşılanmışdır. Onun sözlərinə görə, belə elmi konfrans-forumlar gənclərin bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, elmin aktual problemlərini müzakirə etmələrinə və həll yollarını araşdırmalarına böyük imkanlar yaradır. Digər tərəfdən gənc alimlərin milli innovasiya sisteminin yaradılmasındakı rolu olduqca əhəmiyyətlidir. Bu gün Azərbaycan elmi gəncləşməkdə və yeni uğurlara imza atmaqdadır.
AMEA Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev qeyd etdi ki, Forumun Gəncədə keçirilməsi və onun beynəlxalq status daşıması paytaxt və regionlarda fəaliyyət göstərən gənc alimlərimızın dünya elminə inteqrasiyası üçün bir platformadır: "Bu dörd günlük və zəngin proqramı olan Forumda iştirak edən bütün gənclərə uğurlar diləyirəm. Ümid edirəm ki, Gəncəyə gəlmiş qonaqlarımız bu şəhərin zəngin tarixi, milli mədəniyyəti və Azərbaycan elmi haqqında yaxşı təəssüratlarla vətənlərinə qayıdacaqlar. İnanıram ki, Forum konstruktiv və yaradıcılıq atmosferi şəraitində işini davam etdirəcək və burada qəbul edilmiş qərar və tövsiyələr böyük əhəmiyyət daşıyacaqdır".
Konfransın Təşkilat Komitəsinin sədr müavini, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxışında vurğuladı ki, belə beynəlxalq elmi tədbirlərin keçirilməsində iki məqsəd ön plana çıxır: “Birinci məqsəd günü gündən qloballaşan dünya elminə inteqrasiya ilə bağlı gənclərimiz üçün yaradılan belə bir elmi mühitdirsə, ikinci məqsəd klassik tarixi, mədəni və multikultural dəyərləri olan Azərbaycanın, o cümlədən Gəncənin təbliginə nail olmaqdır”.
F.Salmanov məlumat üçün qeyd etdi ki, foruma 25 ölkənin 530 gənc alim və mütəxəssisləri müraciət edib. Onun sözlərinə görə, Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350-yə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab vermiş və qəbul olunmuşdur. Foruma on iki ölkədən 26 gənc alim və mütəxəssis dəvət olunub, onların iştirakı təmin edilmişdir.
AMEA GAMŞ sədri vurğuladı ki, beynəlxalq tədbir çərçivəsində, həmçinin müxtəlif elmi sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə apardıqları tədqiqatlara dair disskusiyalarının təmin olunmasıını hədəfləyən konfransın da keçirilməsi nəzərdə tutulub.
Xarici ölkələrdən - Türkiyə, Makedoniya, Belorusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, İraq və digər ölkələrdən, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən Foruma təşrif buyuran gənc alimlər həm panel, həm də poster müzakirələrində məruzələrini təqdim edəcək və fikir mübadiləsi apara biləcəklər.
Tədbirdə çıxış edən AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov, Türkiyə, Belorusiya, Polşa və digər ölkələrdən olan gənc alimlər tədbirlə bağlı öz fikirlərini bölüşdülər və Forumun işinə uğurlar azuladılar.
Sonra Forum panel müzakirələrlə öz işinə davam etdi.