Fotos
İsmayıllıda AMEA Gənc Alim və Mütəxəssislər Şurası Bilik Fondu ilə birgə məktəblərarası olimpiada keçirib
Apr 11 , 2015 | 08:55 /
Oxunma ( 4165 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası  və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı  rayonu üzrə məktəblilər arasında “Riyazi məntiq” adlı olimpiada keçirilmişdir. Bilik müsabiqəsində, rayonun Icra Hakimiyyətinin nümayəndələri Nəsimi Teymurov, Gülnarə Mirzəliyeva, təşkilatçıların təmsilçiləri, şəhər və kənd orta təhsil ocaqlarının şagirdləri iştirak edirdilər.

Şəhərin 5 saylı orta məktəbində baş tutan olimpiadanı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov ilk növbədə, tədbir iştirakçılarını və təşkilatçıları salamladı. O, məktəb səviyyəsində aparılan belə təbliğatın Azərbaycan elminin ölkə üzrə ictimailləşdirilməsi, Akademiya üçün istedadlı gələcək alimlərin müəyyənləşdirilməsi və onların elmə cəlb olunması baxımından təqdirəlayiq hal olduğunu vurğuladı. İH-nin nümayəndəsi İsmayıllı rayon İcra başısı, professor Mirdaməd Sadıqovun adından tədbirin təşkilatçıları qismində AMEA Gənc Alim və Mütəxəssislər Şurasına və AR Prezidenti yanında Bilik Fonduna təşəkkürünü bildirdi.

 Növbəti çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə, dosent  Famin Salmanov təmsil etdiyi elmi qurumun gələcək elm və kadr siyasətindən danşdı: “Akademiyanın prezidentinin ümdə hədəflərindən biri də Azərbaycan elmində mövcud sərdhədlərin paytaxtdan regiona və eləcədə ölkə hüdüdlarından kənara daşımaqla, elmdə kütləviliyi respublika üzrə bərqərar etmək və yeni dönəmdə elmimizin müasirləşməsinə nail olmaqdır. Akademiya üçün perspektivli kadrların yetişdirilməsi və müəyyənləşdirlməsində elmin təbliğilə yanaşı, bilik müsabiqələrinin təşkili məlum təcrübələrdəndir. Mütəmadi olaraq təmsil etdiyimiz Şura belə tədbirləri paytaxt və regionlarda həyata keçirir. Bu il İsmayıllı rayonunun “Gənclər paytaxı-2015” seçilməsi əlbəttə ki, seçimimizdə əlavə stimul oldu. Mən inanıram ki, bu gün bu musabiqədə iştirak edən bu günün şagirdlərindən bəziləri gələcəkdə öz peşəkar seçimində Akademiyaya üstünlük verəcək və gənc alim statusunu şərəflə daşıyaraq elmimizə xidmət edəcəklər. Mən bu bilik yarışmasında iştirak edən gələcəyin alimlərinə uğurlar arzulayır, istərdim ki, riyazi məntiqi güclü, hazırlığı yüksək olan şagirlər qalib olsunlar.”

AR Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu  üzrə nümayəndəsi, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov da öz növbəsində müsabiqə iştirakçılarını və təşkilatçıları salamalayaraq qeyd etdi ki, son zamanlar respublika üzrə təhsil və elmlə bağlı aparılan islahatlar öz bəhrəsini verməkdədir. Bölgələrdə məktəblilər üçün təşkil olunan belə bir bilik yarışmaları bu islahatların məntiqi nəticəsidir. Təhsil və elm vəhdət təşkil edir və biri digərini tamamlayır. Ona görə, hər iki sahəhəyə vahid bir sistem kimi yanaşmaq lazımdır ki, bu günkü tədbiri təşkil edən təşkilatçılar da məhz bunun üçün rayonumuza gəlmişlər. “Mən inanıram ki, bu müsabiqədə iştirak edən məktəblilər  nə vaxtsa alim statusuna yiyələnəcək və İsmayıllı rayonunu Azərbaycan və dünyanın elm arenasında təmsil edəcəklər. Mən də bilik yarışmasında iştirak edən bütün şagirdlərə müvəfəqiyyətlər arzulayıram.

Daha sonra Bilik Fondunun “İnformasiya təminatı” sektorunun müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova tədbir haqqında fikirlərini bölüşərkən vurğuladı ki, yeni təsis olunan Fondun əsas məqsədlərinə Azərbaycanda təhsilin dinamik inkişafına töhfə vermək, istedadlı məktəbliləri aşkar etməklə onların düzgün istiqamətləındirilməsinə nail olmaq daxildir. Fond qısa müddətli fəaliyyəti dövründə bu istiqamətdə bir sıra layihələr həyata keçirmişdir. Gələcəkdə bu layənin daha da genişləndirilməsi və digər ucqar bölgələrdə təşkili nəzərdə tutulur. Mən də öz növbəmdə bütün məktəblərin şagirdlərinə uğurlar arzulayıram.

Çıxışlardan sonra müsabiqəyə start verildi. Əvvəlcədən müəyyənləşdirilən  formata uyğun olaraq olimpiada üç mərhələdə keçirildi və ixtisaslı alimlərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən məktəblilərin riyazi bilikləri qiymətləndirildi. Müsabiqə 1 saylı tam orta məktəbin şagirdlərinin 1-ci yer, 5 saylı tam orta məktəbin şagirdlərinin 2-ci yer və Təzəkənd tam orta məktəbin şagirdlərinin 3-cü yer tutması ilə nəticələndi. Təşkilatçılar tərəfindən qaliblərə və iştirakçılara müvafiq hədiyyə, diplom və sertifikatlar verildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.